Şuşadakı Heydər Əliyev Fondu tərəfindən bərpa edildikdən sonra bu gün açılışı olan Yaradıcılıq Mərkəzinin ekspozisiya salonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Qarabağ” sərgisi açılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sərgidə Ulu Öndər Heydər Əliyevin ardıcıl, məqsədyönlü siyasəti nəticəsində Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli Liderin vaxtı ilə Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotolar da yer alır.
Sərginin ekspozisiyasından aydın görünür ki, Ulu Öndər dünyanın ən qədim mədəniyyət ocaqlarından biri olan Qarabağın tarixini, mədəniyyətini, incəsənətini mükəmməl bilir, böyük diqqət və qayğı göstərərək onun inkişafına çalışırdı. 1969-cu ildən başlayaraq Qarabağ və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev mürəkkəb tarixi şəraitdə bölgədəki həyatın bütün sahələrində geniş islahatlar həyata keçirməyə nail oldu. 1979-cu il yanvarın 12-də Ümummilli Liderin iştirakı ilə “Ağdam–Xankəndi” dəmiryolunun açılışı oldu və istifadəyə verildi. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi.
Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qazanmaqla bir daha sübuta yetirdi.
Sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)