Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır

 

Qazaxıstanın mədəniyyət və idman naziri Asxat Oralov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb. Görüşdə birgə mədəni tədbirlərin keçirilməsi müzakirə olunub. 

 

AzərTAC “Kazinform”a istinadla xəbər verir ki, Asxat Oralov hər iki dövlət başçısının mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsini dəstəklədiklərini qeyd edərək deyib: “Qədim türk yazılarına həsr olunan sərginin təşkili barədə məsələ üzərində iş gedir. Bu, bizim ortaq mədəniyyətimiz haqqında çox şey öyrənmək və türk sivilizasiyasının tarixi ilə maraqlananları bu sərgi ilə tanış etmək üçün yaxşı fürsətdir. Günay Əfəndiyeva Azərbaycanda Qazaxıstana aid hazırlanan tədbirlərdən də söhbət açdı”. 

Qazaxıstanlı nazir əlavə edib ki, bu ilin avqust ayı üçün Azərbaycan ədiblərinin Abay Kunanbayev haqqında əsərlərinin daxil olduğu kitabın təqdimatı planlaşdırılıb. May ayında Jambul Jabayevin təsviri ilə poçt markasının buraxılışı planlaşdırılır. “Bundan başqa, Azərbaycan tərəfi avqust ayına nəzərdə tutulan sənətkarların beynəlxalq festivalında iştirak üçün dəvətimizi qəbul edib. Azərbaycanlı həmkarlarımız Qazaxıstanda tarixi-mədəni layihələrin təşkilini də maliyyələşdirməyə hazırdırlar. Biz Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və digər istiqamətlər üzrə Azərbaycan və digər türk ölkələri ilə mədəni əlaqələri möhkəmlətmək niyyətindəyik. Bu il biz Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günləri keçirməyi planlaşdırırıq. Artistlərimiz və yaradıcı kollektivlər səbirsizliklə bu fürsəti gözləyirlər. Biz mədəniyyət sahəsində çalışan işçilərin potensialının sərf olunmasından ötrü daha çox imkan yaratmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə Asxat Oralov sonda deyib.

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.