Sankt-Peterburqun dünya şöhrətli Dövlət Ermitaj Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub.
AzərTAC xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı ilə keçirilib.
Mərasimdə çıxış edən Ermitaj muzeyinin direktoru Mixail Piotrovski Nizami Gəncəvi dühasından danışaraq bildirib ki, böyük Azərbaycan şairinin əsərlərinin mövzuları əsasında hazırlanmış miniatürlər bu gün dünyanın ən məşhur muzeylərini və kitabxanalarını bəzəyir. Nizami Gəncəvinin yaradıcılığı Yaxın və Orta Şərqdə fəlsəfi cərəyanların, ədəbi məktəbin əsasını qoyub.
M.Piotrovski xatırladıb ki, 80 il bundan öncə, Böyük Vətən müharibəsi dövründə və Leninqradın tam blokadasının 42-ci günündə Nizaminin 800 illik yubileyi Ermitajda qeyd olunub.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva isə Ermitajda Nizami Gəncəvinin 880 illiyinin keçirilməsini əlamətdar hadisə adlandırıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib və dünyanın bir çox ölkələrində böyük mütəfəkkir şairin xatirəsi anılır.
Tədbirdə Ermitaj muzeyinin və Rusiya Milli Kitabxanasının əməkdaşları Nizaminin poetik irsində danışıblar.
Daha sonra Nizaminin əsərlərindən parçalar səsləndirilib.
Tədbir konsert proqramı ilə sona çatıb.