Bakıda “Moskva Günləri” keçiriləcək

Ukrayna müharibəsi ilə bağlı xeyli fəallaşan Rusiya MDB məkanında mədəniyyət tədbirlərini sıralayır. Sanki bununla, təcavüzkar müharibə aparan mənfi imicini gizlətməyə çalışır. 

 

Mayın 3-dən 5-dək Bakıda “Moskva Günləri” keçiriləcək. Proqrama sərgilər, konsertlər, yaradıcılıq görüşləri və başqa mədəni tədbirlər daxildir. 

Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

“Moskva Günləri” çərçivəsində Azərbaycan Dillər Universitetində “Müasir pyes məktəbi” teatrının rəhbəri, teatr və kino rejissoru, aktyor Dmitri Astraxan ilə yaradıcılıq görüşü olacaq. 

Heydər Əliyev Mərkəzində Rusiya Coğrafiya Cəmiyyətinin “Bakı ilk səyyahların obyektivində” adlı sərgi, həmçinin “Xor Turetskoqo” art-qrupu və “SOPRANO”nun konserti keçiriləcək. 

Beynəlxalq Muğam Mərkəzində sovet və Rusiya şahmatçısı Anatoli Karpovun iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat turniri təşkil ediləcək. 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində gənclərin Moskva Həmvətənlər Evinin rəhbəri Dmitri Kojayevlə görüşü olacaq. 

Mədəni tədbirlər çərçivəsində S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Müasir pyes məktəbi” teatrının “Ay işığında” tamaşası nümayiş etdiriləcək. 

Tədbirin üçüncü günündə “Moskva-Bakı: iki paytaxt arasında dialoq” konfransı, rusiyalı yazıçı Yuri Polyakov və Rusiya Federasiyasının Xalq artisti Yelena Sanayeva ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.