Mədəniyyət naziri kino ocaqlarına baş çəkib Featured

Ötən günü mədəniyyət naziri Adil Kərimlinin kino ocaqlarına baş çəkməsi günü adlandıra bilərik. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən bu missiyanı işıqlandıracaq. 

 

ÖNCƏ “AZƏRBAYCANFİLMƏ”

 

Öncə nazir Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasını ziyarət edib. Kinostudiyanın səs, geyim-rekvizit, pirotexnika, texniki avadanlıqlar, çəkiliş pavilyonları və digər bölmələr ilə yaxından tanış olan nazir əməkdaşlarla fikir mübadiləsi apararaq, sahənin inkişaf etməsi üçün atılacaq addımlardan danışıb.

Kinostudiyanın direktoru Nazim Hüseynov naziri ərazi və inzibati binalardakı şəraitlə tanış edib. Eldar Quliyev, Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Tofiq Tağızadə və digər görkəmli kino sənətkarlarının kinostuduyadakı iş otaqlarının mühafizə olunması gənc kinematoqrafçılar üçün mənəvi stimul kimi də dəyərləndirilib.

Kino mühitinin inkişafı üçün atılacaq addımlardan biri də 100 illik kino məbədinin dövrün rəqabətə davamlı kino təşkilatlarından birinə çevrilməsinin labüdlüyü vurğulanıb. Bütün bölmələrin müasir standartlarda texniki təminatı üçün dövlət və özəl sektor tərəfindən sərmayə qoyulması ətrafında müzakirələr aparılıb. Digər kino qurumlarının "Azərbaycanfilm"in təcrübəsinə çatmağı üçün əməkdaşlığın vacibliyi qeyd olunub.

Nazir ərazidə yerləşən Dövlət Film Fondu ilə də yaxından tanış olub.

 

SONRA DÖVLƏT FİLM FONDUNA

 

Daha sonra nazir Dövlət Film Fonduna baş çəkib. Fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev  öncə naziri ümumi ərazi ilə tanış edib. Bildirib ki, Dövlət Film Fondu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Nazirlər Kabinetinin 22 dekabr 1993-cü il tarixli sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, 2008-ci ildə Dövlət Film Fondu üçün yeni bina istifadəyə verilib. 

Mədəniyyət naziri Adil Kərimli ümumi sahəsi təxminən 6,6 min kvadrat metr olan Azərbaycan Dövlət Film Fondunun texniki avadanlıqlarla təchiz edilmiş inzibati otaqlar, laboratoriya, tamaşa salonu, yardımçı otaqlarla, həmçinin Fondda filmlərin saxlanılma və bərpa şəraiti, filmlərin saxlanma boksları, lentlərin bərpa avadanlıqları və digər texniki imkanları ilə tanış olub. 

Nazirə Film Fondunun nəzdində fəaliyyət göstərən Kino Muzeyinin eksponatları haqqında geniş məlumat verilib, diqqətinə çatdırılib ki, hər il Film Fondunda Azərbaycan kino xadimlərinin xatirələrinə həsr olunmuş tədbirlər, yubiley və xatirə gecələri təşkil olunur, şəxsi arxiv fondları yaradılır və hazırda Fondda qorunan ümumi saxlanma vahidlərinin sayı 80.000-i ötüb. 

Sonra mədəniyyət naziri Film Fondunun hazırkı dövrdə qarşılaşdığı problemlərlə maraqlanıb və qurumun gələcəkdə də dövlət qayğısı ilə əhatə olunacağını xüsusi vurğulayıb.

Düşünürük ki, Adil Kərimlinin bu səfərləri kino sənayemiz üçün faydalı və düşərli olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.