Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb.
“Report”un məlumatına görə, buna səbəb keçmiş mədəniyyət naziri Anar Kərimovun dövründə ev-muzeyi ilə bağlı heç bir addımın atılmamasıdır.
R.Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev “Report”a açıqlamasında bildirib ki, evdə təmir bərpa işlərinə hələ də başlanılmayıb: “Heç vəsait də ayrılmayıb. Mədəniyyət naziri də dəyişdi. Sabiq nazir Anar Kərimov bir şey etmədi. Gərək yeni nazir, Adil Kərimli ilə danışam”.
Qeyd edək ki, 2022-ci il iyunun 23-də Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Sabiq mədəniyyət naziri Anar Kərimov ötən ilin sentyabr ayında Rəsul Rzanın ev-muzeyini ziyarət etmişdi. Ziyarət çərçivəsində ev-muzeyində həyata keçiriləcək təmir və bədii-tərtibat işləri barədə Xalq şairinin ailə üzvləri ilə müzakirələr və fikir mübadiləsi aparılmışdı.
“Ədəbiyyat və incəsənət”
(28.04.2023)