Mədəni Avropanı nə gözləyir? Featured

Kann kinofestivalına hazırlıq gedir. Avrovijn qapının kəndarındadır. La Slala və Vyana operaları premyeraları intensivləşdiriblər. Amma mədəniyyət mədəni Avropa üçün arxa cəbhəyə keçməkdədir. Fransa mitinqlərdən çalxalanır. Ukrayna Rusiya bombalarının altındadır. Yunanıstan və Portuqaliyanın iqtisadi çöküşü dərinləşir. İtaliya miqrant axınından boğulur.

 

“Ədəbiyyat və incəsənət” portalı sizi köhnə qitəni gözləyən fəlakətli xəbərə bir daha diqqət ayırmağa çağırır.

“Bizim “ailəmiz” hazırda 8 milyard nəfərdən ibarətdir, insanlar daha uzun və sağlam ömür sürürlər və bu da tibb, elm, səhiyyə, kənd təsərrüfatı və təhsil sahələrində bəşəriyyətin tarixi nailiyyətlərini əks etdirir.”

Birləşmiş Millətlər Təşkilatının (BMT) əhali haqqında yeni məruzəsində bu fikirlər yer alıb. Məruzədə bu il qadınların uşaq dünyaya gətirmək istəyi, nə vaxt və neçə uşaq doğmaq kimi seçim məsələlərinə prioritet diqqət ayrılıb.

Yeni məruzəyə görə, qlobal demoqrafiya sürətlə dəyişir: əhalinin üçdə ikisi aşağı doğum səviyyəsinə (hər qadına 2,1 uşaq dünyaya gətirməyə bərabər) malik ölkələrdə yaşayır. 

Bütün dünyada doğum səviyyəsinin göstəricisi orta hesabla hər qadına 1950-ci ildəki 5 uşaqdan 2021-ci ildəki 2,3-dək aşağı düşüb. Bu gün dünyada yaxın perspektivdə - 2050-ci ilədək əhalinin sayının ümumi azalacağının gözlənildiyi yeganə region Avropadır.

2050-ci il üçün əhalinin proqnozlaşdırılan artımının yarısı bu 8 ölkənin payına düşəcək: Konqo Demokratik Respublikası, Misir, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Filippin və Tanzaniya. Nəticədə bu, əhalisi sıx olan ölkələrin dünya reytinqini kəskin dəyişəcək. 

Bir çox hökumətlər əhalinin artmasından narahatdır, digərləri isə əhalinin həddən artıq azalmasından ehtiyat edirlər, bununla da hər iki halda doğum səviyyəsinə təsir göstərməyə çalışırlar. 

BMT-də hesab edirlər ki, belə yanaşma düzgün deyil. Onlar xatırladırlar ki, qadın bədəni hökumətlərin və ya digər şəxslərin qəbul etdiyi qərarların “girov”una çevrilməməlidir. Qadınlar uşaq dünyaya gətirmək istəyi, nə vaxt və neçə uşaq doğmaları barədə seçim imkanına sahib olmalıdırlar. 

Yeni məruzədə qeyd olunur ki, əhalinin sayının artmasına və azalmasına çağırmağa cəhd göstərməklə ciddi ekoloji və iqtisadi problemləri həll etmək olmaz. Bu cür siyasət əksər hallarda insanların hərəkətlərinin sərbəstliyini pozur və keçərli deyil. Məruzənin müəllifləri “dünya əhalinin say həddini balanslaşdırır”, “ölkələr və bir çox regionlar həddən artıq sürətlə qocalır” kimi sensasiyalı sərlövhələrə aludə olmamağa çağırıblar. Onlar əmindirlər ki, doğum səviyyəsi nə problem, nə də həlldir. 

Məruzənin əsas nəticəsi onunla uyğunlaşır ki, gender bərabərliyinin inkişafı, qadınların öz fertilliyinə (nəsilartırma qabiliyyəti) nəzarət etməkdən ötrü hüquq və imkanlarının genişləndirilməsi əhalinin artırılması və inkişaf sahəsində proqramların mərkəzində olmalıdır. 

Məruzə müəllifləri əmindirlər ki, əhalinin sayından asılı olmayan firavan, inklüziv cəmiyyət yaratmaq mümkündür. 

Əslində sənəddə deyildiyi kimi, əhalinin ideal ölçüsü, əhalinin müəyyən sayına nail olmaq üçün hansısa etibarlı üsul mövcud deyil. Doğum göstəriciləri geniş səbəblər ucbatından dəyişir. Arabir əhaliyə manipulyasiya etmək cəhdləri əks nəticələr verir. 

Ekspertlər əmindirlər ki, söhbət əhalinin sayında deyil, insanların həyat keyfiyyətində, onların rifahında, tibbə və təhsilə əlçatanlıqlarında və sabit məşğulluqdadır.

 

Şəkildə: Hər şey bir yana, Avropanı bu yay quraqlıq bəlası da gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.