Bir günün hikməti

Həmin gün Ramazan bayramına düşdü, qeyri-iş günü olması səbəbindən o qeyri-adi gün barədə bu gün danışmaq istəyirik. Beləliklə, “Ədəbiyyat və incəsənət” portalının güzgüsündə 22 aprel günüdür. 

 

Bu gün dünyada və Azərbaycanda çox məşhur mədəniyyət xadimləri doğulublar və dünyalarını dəyişiblər.

Dünyaya gələnlərdən İmmanuel Kantı, Vladimir Nabokovu, Fridrix Bodenşdatı, Seymur Baycanı, Ədalət Şükürovu, Jəsən Əblücü, Hüseyn Əliyevi qeyd etməyi lazım bilirik. 

Xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 112-ci ildönümü tamam oldu.

80 illik ömrün 60 ildən çoxunu sənətə həsr edən, “Mənim müəllimim təbiətin özüdür!”,- deyərək Vətəni Azərbaycana sonsuz sevgi ilə bağlanan görkəmli rəssamın yaratdıqları bu gün də böyük maraq doğurur.

Hüseyn Əliyev Azərbaycan təsviri sənətinin ən unudulmaz nümayəndələrindən biridir. Bu istedadlı rəssamın yaradıcılığında portret və təbiət mənzərələri daha çox üstünlük təşkil edir.

Hüseyn Əliyev 1911-ci il aprelin 22-də Zəngəzur mahalındakı Qarakilsə bölgəsinin Comərdli kəndində anadan olub. Gözünü açandan gördüyü təbiət, dağ, şəlalə - bir sözlə, min bir gözəllik kiçik yaşlarından qəlbinə hakim kəsilib. Təsadüfi deyildir ki, ilk rəsm əsərini çəkəndə onun 12 yaşı vardı. Bu sənətin sirlərini daha da dərindən mənimsəmək üçün o, Bakıda rəssamlıq texnikumuna daxil oldu. Burada oxuduğu illərdə (1927-1932) müxtəlif eybəcərlikləri qamçılayan “Molla Nəsrəddin” jurnalında karikaturaları, rəsm əsərləri çap edildi. Azərbaycan mətbuatının inkişafında mühüm mərhələ sayılan, işıqlandırdığı mövzular bu gün də aktual səslənən “Molla Nəsrəddin” Hüseyn Əliyevin rəssam kimi formalaşmasında böyük rol oynadı. Onun jurnalda dərc olunan karikaturaları oxucuları düşünməyə, nəticə çıxarmağa vadar edirdi. O, 1932-1935-ci illərdə Leninqrad Boyakarlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda təhsil alıb. Təhsilini başa vurduqdan sonra həyatını bütövlükdə “Kommunist” qəzetinə (indiki “Xalq qəzeti”) bağlayıb.

Yeri gəlmişkən qeyd edək ki, 1922-ci ildən başlayaraq görkəmli sənət ustası Əzim Əzimzadə "Kommunist"in baş rəssamı olub. 1935-ci il oktyabrın 4-dən isə onu gənc və istedadlı rəssam Hüseyn Əliyev əvəz edib. H.Əliyev yarım əsrdən çox "Xalq qəzeti"nin bədii tərtibat şöbəsinin müdiri işləyib.

İstedadlı rəssamın yaradıcılığında portret və təbiət mənzərələri üstünlük təşkil edirdi. Təsadüfi deyil ki, gənc vaxtlarında çəkdiyi dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin portretinə görə o, respublika müsabiqəsində birinci yerə layiq görülüb və üç min manat mükafat alıb. Hüseyn Əliyev sərbəst və cəld işləməyin ustası idi. Hələ tələbəlik illərində yaratdığı sənət əsərləri elə ilk baxışdan diqqəti cəlb edirdi. O öz iş yoldaşlarının, ailə üzvlərinin, onda maraq doğuran adamların portretini qısa müddət ərzində çəkə bilirdi.

İkinci Dünya müharibəsi başlayanda Hüseyn Əliyev könüllü surətdə orduya yazılıb. Daxili İşlər Nazirliyinin tabeliyindəki 48 saylı bədii təşviqat polkunda rəssam işləyib. Musiqiçilər bölməsinin üzvləri ilə birlikdə dəfələrlə ön cəbhədə olub, neçə-neçə igid döyüşçünün portretini yaradıb, müharibə mövzusunda plakatlar hazırlayıb, qəsbkarlıq məqsədi güdən hitlerçilərin karikaturasını çəkib. Böyük Vətən müharibəsində iştirak edən rəssam “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” medalları və “Xalqlar dostluğu” ordeni ilə təltif olunub.

Hüseyn Əliyev istedadlı rəssam kimi üç dəfə Azərbaycan, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1977-ci ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Rəssamın təbiətin gözəlliklərini əks etdirən mənzərələri monumentallığı ilə seçilir. Bu əsərlər qeyri-adi koloriti ilə diqqəti cəlb edir, Vətənə böyük sevgisindən xəbər verir. Milli incəsənətin tarixində öz yeri olan Hüseyn Əliyevin əsərləri xaricdə də tanınır, sevilir və çox yüksək qiymətləndirilir.

Uşaqlığı Zəngəzur və Naxçıvanda keçən rəssam təbiətin rəngarəng qammasının vurğunu idi. Bu vurğunluq onun hər bir əsərində, rənglərin palitrasında, yaradılmış obrazların reallığında hiss olunur.

Ustad rəssam tərəfindən yaradılan bütün əsərlərin əsasını şəxsiyyətin psixoloji dərkedilməsi və təbiətin fəlsəfəsi təşkil edir. Rəssam onu əhatə edən təbiətdə başqalarının görə bilmədiklərini görür, onu özünəməxsus, adi baxışa zidd dərk edir. O, qəhrəmanlarının daxili dünyasını çox incəliklə təsvir edir, bunu onların üzlərində əks etdirirdi.

Vətənin füsunkar təbiəti rəssamın duyğuları ilə həmahənglik yaradaraq rənglərdən ibarət nəhəng bir çələngə çevrilib. Fırça ustasının Göygölün təsvirinə həsr edilmiş silsilə əsərləri xüsusi ilə diqqət cəlb edir. Xalq rəssamı Azərbaycan təbiətinin incilərindən sayılan bu mavi gözlü gözəlin müxtəlif variantlarda təsvirini yaradıb. Onun qurduğu kompozisiyalar, rəng ötürmələri, koloritlik öz bənzərsizliyi ilə seçilir. İki il ərzində Kəpəz dağının 25-dən artıq akvarel görünüşünü kətana naxışlayan Hüseyn Əliyev həqiqətən möcüzə yaradıb.

Hüseyn Əliyevin “Zəngəzur mənzərəsi”, “Zəngəzur dağları”, “Şəki şəlaləsi”, “Comərdli mənzərəsi”, “Meşədə qış”, “Payız”, “Qürub çağı” kimi əsərləri incə müşahidə qabiliyyətinin məhsuludur.

Hüseyn Əliyev həm də portret janrının ustadı idi. Çəkdiyi portretin hər biri insanın daxili dünyasını, sənətini əks etdirmək baxımından maraq doğurur. Məsələn, əlləri qoynunda dayanmış Hüseyn Cavidin portreti çox canlı və mənalıdır. Eləcə də Nizami Gəncəvinin portreti də düşündürücü təsir bağışlayır. Hüseyn Əliyevdən bizə ərməğan qalan bir sıra portretlər var ki, tarixilik baxımından böyük əhəmiyyət daşıyır.

Həyat, sevgi, gözəllik, dinamizm - Hüseyn Əliyev yaradıcılığını bu cür xarakterizə etmək olar.

Tanınmış aktyor və rejissor, bədii qiraət ustası, pedaqoq, Əməkdar artist Həsən Əblucun isə anadan olmasının 81-ci ildönümü tamam oldu.

Tanrı ona elə bir böyük məharət, gözəl bir səs bəxş etmişdi ki, bu təkrarolunmaz deyim tərzi yalnız və yalnız ona məxsus idi. Çoxları bu yolda var-gəl etsə də, Həsən Əbluc üslubu daim öz kamilliyi, ustalığı, axarı, qeyri-adi səslənişi ilə ürəklərə qəribə bir rahatlıq, bəlkə də narahatlıq gətirirdi. Sanki dinləyici onu dinləməyə məhkum olurdu. Ona görə ki, onun səsləndirdiyi istər poeziya, istərsə də nəsr nümunələrini başqaları nədənsə dinləyicinin daxilinə, varlığına o cür hakim edə bilmirdi. Bu ləngərli, tutarlı, sanballı üslub Həsən Əblucu zaman baxımından çoxlarından fərqləndirirdi. Sağlığında da, ölümündən sonra da. Elə bil onun öz deyim tərzi vardı. Bu ölçüdə hər şey gözəl səslənirdi. Təkcə səslənmirdi, həm də gözəl dinlənilirdi...

Həsən Əbluc 1942-ci il aprelin 22-də Təbriz şəhərində anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Həsən Əbluc hələ uşaq vaxtlarından aktyorluğa böyük həvəs göstərib. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Texniki Universitet) daxil olub. Birinci kursdan sonra sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə verib. Elə həmin il Azərbaycan Dövlət Dram Teatrında rumın yazıçı Sebastyanın “Adsız ulduz” tamaşasına quruluş verib.

H.Əbluc Tofiq Kazımov kimi istedadlı rejissorun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı tamaşalarda ikinci rejissor işləyib, həm də onun kursunda təhsilini davam etdirib. 3-cü kursda oxuyanda Akademik Dram Teatrına işə dəvət olunub. Ona səhnə danışığından Müxlis Cənizadə dərs deyib. O, Həsənin gözəl danışığına, sənətinə, diksiyasına, savadına görə onu assistent götürüb. Həsən Əbluc 30 il Azərbaycan Dövlət İncəsənət Universitetində bir pedaqoq kimi gənclərə sənətin sirlərini öyrədib.

Vaxtilə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Azərbaycan qrupu yaradılmışdı. Məşhur aktyor, rejissor Yevgeni Motfeyev həmin qrupun rəhbəri idi. Ayda bir həftə səhnə danışığından dərs demək üçün Həsən Əblucu Moskvaya dəvət edirdilər.

Həsən Əbluc gözəl, ecazkar, cəlbedici, inandırıcı səsi ilə qəlbi sözə bağlı olanların sevimlisinə çevrilmişdi. O, radio tamaşalarında da saysız-hesabsız baş rollarda oynamışdır. Dublyaj filmlərində bütün rejissorlar baş rolları səsləndirməyi H.Əbluca həvalə edirdilər. Çünki o, dublyajda da öz möhürünü vurmuşdu.

Həm müəllim, həm rejissor, həm də aktyor olan Həsən Əbluc, eyni zamanda, biri-birindən maraqlı hekayələr, dram əsərləri yazıb.

O, cəmi 52 il yaşadı. Bu işıqlı dünyadan ömrünün kamilliyə yenicə çatdığı bir vaxtda ayrılan Həsən Əbluc yaddaşlarda da öz kamil və ləngərli səsi ilə elə bu yaşda qaldı. Onu səsinin yaşı ilə ömrünün yaşı bəlkə də üst-üstə düşür. Azı ona görə ki, belə qiraət ustasının səsi heç vaxt qocala, titrəyə, öz təravətini itirə bilməzdi...

Sənətkarın qardaşı kinorejissor Ənvər Əbluc оnun haqqında “Həsən Əbluc” filmini lentə alıb. Bu, Həsən Əbluca bir qardaş sevgisi ilə yanaşı, həm də tamaşaçı aşiqliyindən irəli gəlmişdir.

 

22 apreldə vəfat edənlərdənsə Samanta Foqsu, İzzət Orucovanı qeyd edə bilərik.

İzzət Orucovanın vəfatından 40 il ötdü. Ölkəmizə ilk səsli kinonu böyük dramaturq Cəfər Cabbarlı özünün “Sevil”i ilə gətirdi və baş qəhrəman roluna çox gənc bir qızı - İzzət Orucovanı çəkdi. Beləliklə, İzzət Orucova ilk Azərbaycan səsli kinosunda rol aldı. O, ilk azərbaycanlı qızı olaraq, “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilib, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olub.

İzzət Orucova öz aktrisalıq karyerasını və “Sevil” filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini belə xatırlayırdı: “Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsinə israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrar çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi: - Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kulminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın. Nəhayət, “Sevil” filminin çəkilişi tamamlandı. Film 1929-cu ildə ekranlara buraxıldı. Həmin gün anam da, qohumlarımın çoxu da filmə baxmağa gəlmişdilər. Hamının biletini Cəfər Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi”.

İzzət Orucova o zaman 20 yaşında gənc bir xanım idi. Onu təsadüfən görən Cəfər Cabbarlı çoxdan bəri axtardığını tapdığı üçün sevinib. Kinoşünas Aydın Kazımzadə xatirələrində həmin hadisəni bu cür nəql edir: “Sevil” filmi istehsalata buraxılanda, Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarıb. Günlərin birində o, “Təyyarə” kinoteatrında bu qızla rastlaşıb. Qızın xarici görünüşündə Sevil obrazının cizgilərini görüb. Tanımadığı qızın arxasınca düşüb, harada yaşadığını müəyyənləşdirib. İsmayıl Hidayətzadəni götürüb onlara gedib. Atası, qardaşları heç cür onun filmdə çəkilməsinə, şübhəsiz, razı olmurlar. Düzdür, o zamanlar aktrisalar ilk addımlarını atmağa başlamışdılar, amma İzzət aktrisa deyildi. Ürəyindən olsa da, özü xəbərsiz çəkilməyə qorxurdu. Amma Cəfər Cabbarlı da Cəfər Cabbarlı idi... Cavan olsa da, onun ilanı yuvasından çıxaran şirin dili vardı. Çox gəlib-gedəndən sonra ailənin razılığını alıb. O, bir şərtlə razılıq alıb ki, hər gün qızı faytonla evindən götürüb məşqə aparacaq və faytonla da geri gətirəcəkdi”.

Həmin filmdə başqa maraqlı hadisələr də yaşanıb. Cəfər Cabbarlı çəkiliş zamanı hər an, hər dəqiqə İzzətin yanında olub. Xoşbəxtlikdən bu filmin bütün çəkilişləri C.Cabbarlının iştirakı ilə baş verib. Bəzi epizodlar barədə İzzət xanım öz xatirələrində yazıb və insanlara da danışıb. Çəkilişdə hətta elə anlar olurmuş ki, İzzət xanımı öyrətmək üçün Cəfər Cabbarlı çadranı öz başından açıb onu Balaşın sifətinə çırpırmış... Cəfər Cabbarlı dediyi sözə əməl edib. Hər gün İzzəti faytonla evdən götürüb, axşam da ailəsinə təhvil verib. Film çəkilib və ekranlara çıxanda böyük uğur qazanıb. Bundan ruhlanan Cəfər Cabbarlı “Almaz”ın da ssenarisini yazıb. Baş rola da yenə İzzət xanımı təsdiq etdirib. Amma amansız ölüm böyük sənətkarı aramızdan tez aparıb. Filmin çəkilişlərini onun həmkarları - Ağarza Quliyev və Braginski davam etdiriblər. Ölümünün bir illiyində film ekranlara çıxıb.

O zaman aktyor sənətinə qəti aid olmayan bir xanım “Sevil” və “Almaz” filmlərində uğur qazanmasından sonra ulduzu parlasa da, çox keçmədən sənət karyerasını başa vurmalı olub. O dövrdə heç kim bilmirdi ki, 1929-cu ildə Sevil obrazını canlandıran və uğurlu rolu ilə bütün xanımların (hətta öz anasının belə) çarşabını yerə atmasına səbəb olan aktrisa 1937-ci ildə müəyyən mənada Sevilin taleyini yaşayacaq. Həyat yoldaşı - həkim və dövrünün tanınmış ziyalısı, Hüseyn Cavid və başqa ziyalılarla yaxın dostluq əlaqəsi olan Mövsüm İsmayılov güllələnmədən möcüzəli şəkildə xilas olur. Lakin bununla qurtula bilməyəcəyini anlayıb təcili şəkildə İzzət xanımdan boşanır. Səbəb isə yeni ailə qurduğu həyat yoldaşının və bir yaşlı oğlu Yılmazın təhlükəsizliyi olur. Əks halda, onlar da 1937-ci ildə başqa repressiya qurbanlarının arvad-uşaqları kimi uzaq Sibirə sürgün olunacaqdılar. Lakin bu, baş vermir. İzzət xanım ömrünü yeganə övladına və elmi fəaliyyətə həsr edərək sənətdən ayrılır və ömrünü elmə həsr edir.

İzzət Orucova Azərbaycanın ilk kino aktyoru olmaqla yanaşı, həm də ikinci xanım akademikidir. 1972-ci ildə onun akademik adını alması həqiqətən də çoxlarının təəccübünə səbəb olub. Çoxları inanmır ki, İzzət xanım Cəfər Cabbarlının hər gün kino çəkilişindən sonra faytonla evinə gətirib təhvil verdiyi, hazırda “Nizami” metro stansiyasının qarşısındakı “Azad qadın” heykəlinin prototipi olan bir xanım olub. Onların buna inanmamağının da əsas səbəbi İzzət Orucovanın elm sahəsində məhsuldar gördüyü işlər olub. Onun elmi-tədqiqat işlərinin əsas obyekti müasir neft kimyasında ən mühüm problemlərdən biri olan sürtkü yağlarının istehsalı və onların keyfiyyətinin yaxşılaşdırılması olub. 1970-ci ildə İzzət Orucova elmi fəaliyyətinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülüb, bir sıra orden və medallarla təltif edilib, o cümlədən dörd dəfə deputat seçilib.

Akademik İzzət Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi ölkələrdə Azərbaycanın kimya elmini yüksək səviyyədə təmsil edib. Akademikin ictimai fəaliyyət dairəsi də geniş olub. O, Azərbaycan-Almaniya dostluq cəmiyyətinin sədri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olub. Dövrünün ən yüksək ordenlər və medalları ilə təltif edilib.

İzzət Orucova 1983-cü il aprelin 22-də 73 yaşında dünyasını dəyişib. Amma o, yaratdığı rollar, yazdığı elmi əsərlərlə mənsub olduğu millətin tarixində əbədiyaşarlıq qazanıb.

Bəli, biz sizə 22 aprel günü barədə danışdıq. Qeyri-adi gün barədə.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.