Bu gün Azərbaycan xalqı müqəddəs Ramazan bayramını qeyd edir. 30 gün otuc tutan, niyyət eləyən şəxslər də, oruc tutmasalar belə bu müqəddəs günə ehtiram göstərən digərləri də böyük ruh yüksəkliyi ilə bu günü bayram edirlər.
“Ədəbiyyat və incəsənət” bir qədər bu bayram barədə geniş bilgi verməyi nəzərdə tutur.
Hardan gəlir bu Ramazan ənənələri? Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.
İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə "leylət al-Qadr" – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır! (Qədr surəsi, 3–5)
Qədr gecəsinin konkret hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.
Rəvayətlərin birində deyilir:
"Bir yaşlı kişi Peyğəmbərə (s) söyləyir: Uzaq yoldan gəlib məsciddə oturmaq mənə çətindir, əgər Qədr gecəsinin hansı gecə olduğunu bilsəm, həmin gecə məscidə gələrəm.
Peyğəmbər onun qulağına nəsə deyir və həmin kişi hər ramazan ayının 23-cü gecəsi məscidə gəlir".
İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-ci gecələrindən biridir. Qurani-Kərimdəki "Qədr surəsi"ni bir daha sizlərə xatırladaq. Bu surədə qədr gecəsi haqda belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür".
Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29–30 gün davam edir.
Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29–30 gün davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın".(Bəqərə surəsi, 187)
Məhəmməd peyğəmbər buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini (qəzasını) tutmalı və ya fidyə verməlidirlər.
Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.
Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.
Ramazan ayının bitməsi həm də oruc tutanların normal qidalanma rejiminə keçməsi deməkdir. Bir ay ərində gündə iki dəfə qidalanmaq bağırsaq və həzm sistemində dəyişikliklərə və maddələr mübadiləsinin sürətinin azalmasına gətirib çıxarır. Lakin diyetoloqlar birdən-birə normal rejimə qayıtmağın da düzgün olmadığını deyirlər. Odur ki, tədricən əvvəlki rejimə qayıtmaq məqsədəuyğundur.
Bayramınız mübarək, əziz xalqımız!
“Ədəbiyyat və incəsənət”
(21.04.2023)