Bakıda “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu davam edir

 

Aprelin 20-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu işə başlayıb.

 

AzərTAC xəbər verir ki, forumda ölkənin görkəmli mədəniyyət, incəsənət xadimləri ilə yanaşı, xaric ölkələrdən gəlmiş qonaqlar da iştirak edirlər.

Əvvəlcə Azərbaycan milli kinosunun keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.

Mədəniyyət naziri Adil Kərimli çıxış edərək Forumun əhəmiyyətindən danışaraq deyib: “Zəngin irsə sahib olan Azərbaycan kino sənətinə həsr edilmiş bu Forum Ümummilli liderimiz Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Cəmi 10 gün bundan əvvəl məhz bu məkanda Teatr Forumu təşkil edildi. Forum iki gün ərzində Azərbaycan və bir neçə xarici ölkələrin teatr sahəsinin dəyərli nümayəndələrini bir araya gətirərək bu sahədə mövcud olan problemlər, müasir çağırışlar və inkişaf istiqamətlərinin müzakirəsi platformasına çevrildi. Ümid edirik ki, Kino Forumu da çox maraqlı müzakirələrlə yadda qalacaq və kinomuzun inkişaf yoluna işıq salacaq. Bu gün burada yığışmağımızın əsas məqsədi hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri, eyni zamanda perspektivləri müzakirə etmək, onların həll yollarını taparaq bunun əsasında yeni inkişaf istiqamətlərini müəyyən etməkdir. Teatr və Kino forumundan əlavə bu il ərzində Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində mədəniyyətimizin digər sahələri ilə də bağlı forumlar keçiriləcək və nəticədə Mədəniyyətimizin İnkişaf Strategiyasını irəli sürəcəyik”.

Qeyd edib ki, dünya kinosunun yaranma tarixindən çox da geri qalmayan Azərbaycan kinosu 1898-ci ildə ilk addımlarını atmağa başlayıb, 125 illik zəngin və keşməkeşli yol keçərək xalqımıza böyük bir irs buraxmışdır. Əsası 1923-cü ildə qoyulmuş və bu il 100 illik yubileyi qeyd edilən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təsis olunması milli kino sənətimizin sistematik şəkildə inkişaf etməsi üçün geniş zəmin yaratmışdır. Kinematoqrafçılarımız tərəfindən yaradılan çoxsaylı ekran əsərləri onilliklər boyu soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət və sədaqət hisslərinin aşılanmasına xidmət edərək, xalqımızın dünyagörüşünün formalaşmasına öz töhfəsini verib.

Adil Kərimlinin sözlərinə görə, incəsənətin bütün sahələrində olduğu kimi, milli kinomuzun inkişafında da Ümummilli Lider Heydər Əliyevin xidmətləri danılmazdır. “Kino bizim xalqımızın salnaməsidir” - deyən Ulu Öndər istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda milli kino sahəsinə yüksək diqqət və qayğı göstərmişdir. Sovetlər birliyi dağıldıqdan sonra Azərbaycanda digər sahələrdə olduğu kimi kinoda da durğunluq yarandığı bir vaxtda məhz Ulu Öndərin qayğısı nəticəsində Azərbaycan kinosu yenidən inkişaf etməyə başlamışdır. 

Ümummilli Liderin rəhbərliyi ilə 1993-cü ildən Azərbaycanda kino fəaliyyətinin normativ-hüquqi bazasının formalaşdırılımasına başlanılıb və həmin il dekabrın 22-də Azərbaycan Respublikasının Dövlət Film Fondu təsis edilib. Azərbaycan Kinosu Gününün təsis edilməsi kimi tarixi bir addım da məhz Ulu Öndərin bu sahədə əvəzsiz xidmətlərinin nəticəsidir. Uzun illər sovet kinosu günü Azərbaycanda milli kino günü kimi qeyd edilib. Azərbaycan kinosunun yaranma tarixi isə 1916-cı ildən hesab olunmuşdur. Lakin, Ulu Öndər Heydər Əliyev tərəfindən kino tariximizə qarşı bu haqsızlığa son qoyulmuş və 18 dekabr 2000-ci il tarixli Sərəncam ilə milli kino tarixinin başlanğıcı 1898-ci il, 2 avqust Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı kimi qeyd edilməyə başlamışdır. 

Bu gün cəmiyyətdə sosial təhsil və maarifləndirmə işinin həyata keçirilməsində, milli ideologiyamızın, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində misilsiz xidmətləri olan Azərbaycan kino sənətinə dövlətimiz tərəfindən, şəxsən Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı", “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamı milli kino sənətinə yüksək diqqət və qayğının bariz nümunəsidir. 

Son illər ölkəmizin kino sektoru tərəfindən istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişafından xəbər verir. 

Bundan başqa, Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında kino sənətinin də inkişaf etdirilməsi konsepsiyası öz əksini tapmışdır. Ölkə rəhbərliyi tərəfindən atılan bu addımlar gələcəkdə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi, beynəlxalq rəqabətə davamlılığın və bir çox beynəlxalq birgə layihələrdə, kino istehsalında iştirakın təmin edilməsi və eləcə də beynəlxalq platformaların tərkib hissəsinə qoşularaq həm Azərbaycan kinemotoqrafiyası təcrübəsinin beynəlxalq müstəvidə tanınması, həm də bu sahədə yeni bir iqtisadi fəallığın və stimullaşdırmanın təmin edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edəcəkdir.

Bu baxımdan, xüsusilə qeyd etmək yerinə düşər ki, Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi qayğı nəticəsində müxtəlif illərdə Azərbaycanın kino sənəti bir sıra beynəlxalq festivallarda, eləcə də Kann kinofestivalında təbliğ edilmişdir.

Mədəniyyət naziri Adil Kərimli vurğulayıb ki, ölkədə kinematoqrafiya sahəsində şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Kino Agentliyinin yaradılması Azərbaycan kino sənətinin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Mədəniyyət Nazirliyi aidiyyəti qurumlarla birgə Agentliyin fəaliyyətə başlaması üçün tələb olunan bütün lazımi işləri tamamlamışdır. Kino Agentliyinin yaradılması Azərbaycan kinosuna gələcəkdə Agentlik vasitəsi ilə bir çox yeni beynəlxalq birgə layihələrdə iştirak etmək, “Evroimaj” kimi bir sıra nüfuzlu beynəlxalq platformalara qoşularaq birgə kino istehsalında iştirak, Azərbaycan kinematoqrafiyasına yeni təcrübələr gətirmək, eləcə də audiovizual sahənin iqtisadi fəallığını artırmaq imkanı yaradacaq.

Bu gün Azərbaycan kino sənəti yaradıcılıq baxımından intibah dövrünə qədəm qoyur deyən A.Kərimli bildirib ki, bu dövr həm ölkə daxilində, həm də beynəlxalq miqyasda kinomuza marağın yenidən artmasına və Azərbaycan milli kinematoqrafiyasının daha da inkişaf etdirilməsinə böyük təkan verəcək. 

Onun sözlərinə görə, bütün bu inkişaf yolu ilə yanaşı Azərbaycan kino sənətinin bir sıra problemlər də mövcuddur. Buna görə də, bu Forumun əsas məqsədi kino tariximizin zəngin irsini qoruyub saxlamaqla yanaşı, bu mirasın daşıyıcıları olaraq hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri aydınlaşdırmaq, gələcək illərdə də inkişafını təmin etmək və rəqabət qabiliyyətli kinomuzun formalaşması istiqamətində atıla biləcək addımları birlikdə müzakirə etmək, bunun əsasında inkişaf strategiyaları və dövlət proqramlarının hazırlanılmasına nail olmaqdır: “Düşünürük ki, bu sahədə yaranmış yeni münasibətlər, yeni çağırışlar, özəl sektorun fəaliyyətinin təşviq edilməsi, dövlətdən asılılığın azaldılması və dünya kino sənayesində mövcud olan trendlərə çatması üçün müvafiq köklü dəyişikliklərin edilməsinə böyük zərurət vardır. Əminik ki, sizlər artıq bu dəyişikliklərin və çağırışların tərkib hissəsi kimi öz fəaliyyətinizi çox uğurla qurmusunuz. Sadəcə olaraq bir araya gələrək vahid bir komanda kimi bu prosesi sürətləndirmək və daha da təkmilləşdirməyə ehtiyac vardır. 

Bu baxımdan, bu Forum sadalanan məqsədlərə çatmaqda böyük bir başlanğıc nöqtəsi, əsas ictimai dialoq formatıdır. Təbii ki, kinomuzda, kinematoqrafiyamızda mövcud olan bütün problemləri bu iki gündə həll etmək mümkün deyil və belə bir hədəfimiz də yoxdur. Lakin əsas məqam ondan ibarətdir ki, bu cür dialoqların, bu cür müzakirələrin daha da geniş formatda davam etdirilməsi, bu prosesin işlək bir mexanizmə çevrilməsi üçün bu iki gündə sizlərdən mövcud olan problemlər və onların həlli mexanizmləri istiqamətində daha sistemli, konstruktiv fikir və təkliflər gözlənilir. Düşünürük ki, bundan sonra da belə dialoqlar, müzakirələr daha da geniş formatda davam etdirilməli, bu proses işlək mexanizmə çevrilməidir. 

Ümid edirik ki, bu Forum gözlənilən məqsədlərə nail olmasında uğurlu vasitə olacaq”.

Qeyd edək ki, iki gün davam edəcək forum çərçivəsində Azərbaycan kinosunun bu günü və gələcəyi ilə bağlı təkliflər və ümumi müzakirələr olacaq. Forum panel müzakirələrlə davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.