Virtual olaraq Ağdam Cümə Məscidini bərpa etdilər… Featured

Qarabağ Dirçəliş Fondunun pazl yarışına yekun vurulub

 

 

Qarabağın incilərini musiqiylə, sözlə, fırçayla, kamerayla sapa düzərsən, oxşayıb təbliğ edərsən. Tək elə bunlarlamı? Xeyir. Bunu, məsələn, uşaqların sevimlisi pazlla da etmək olar. Necə?

“Ədəbiyyat və incəsənət” portalının növbəti xəbəri bu barədədir. 

 

Qarabağ Dirçəliş Fondu tərəfindən keçirilən işğaldan azad olunan ərazilərimizdəki mədəni-tarixi abidələrimizin təsvirlərindən ibarət “Qarabağ inciləri” pazl yarışına yekun vurulub. Öncədən deyək ki, düşünənə əhsən, çox maraqlı bir yarışma alınıb. 

Birinci Qarabağ müharibəsində torpaqlarımızın bir hissəsini işğal edən Ermənistanın hərbi birləşmələri şəhər və kəndlərimizlə yanaşı, xalqımız üçün böyük mənəvi dəyəri olan tarixi abidələrimizi də qəddarcasına dağıdaraq məhv ediblər. “Qarabağın inciləri” pazl oyununun yaradılmasında da məqsəd ictimaiyyətin diqqətini Qarabağda ermənilər tərəfindən tarixi abidələrimizin dağıdılmasına yönəltməkdir.

Yarışa qatılan iştirakçılar aprelin 8-dən başlayaraq xüsusi olaraq hazırlanan və rəmzi məna daşıyan “Qarabağın inciləri” pazl oyununda Qarabağın möhtəşəm abidələrini virtual olaraq bərpa etmək üçün yarışıblar. Abidələr bu cür sıralanıb:

 

Şuşa qalası,

Zöhrabbəyovların Şuşadakı evi, 

Molla Pənah Vaqifin türbəsi,

Ağdam Çörək Muzeyi, 

Ağdam Cümə Məscidi, 

Pənahəli xanın sarayı (İmarət), 

Qarğabazar karvansarası, 

Ağdam Çay Evi, 

Ağdam Dram Teatrının binası. 

 

Yarışın yekununda ən çox xal toplayan 10 nəfər – Məfkurə Həsənova, Fidan Əsədli, İsa Məmmədov, Ruhiyyə Rəhimova, Məhəmməd Bağışov, Əli Bağışov, Günel Babaşova, Fariz Hüseynli, Aygün Eyyubova və Ləman Əlizadə qalib seçilib.

Qaliblərə Qarabağ Dirçəliş Fondu tərəfindən hazırlanan “Incredible Karabakh” kolleksiyasından t-shirt hədiyyə olunub.

Qarabağın özəlliyini, ona xas mədəniyyət incilərini təşviq etmək niyyəti ilə hazırlanan “Incredible Karabakh” kolleksiyasından olan t-shirtlərin üzərində Qarabağın ayrı-ayrı bölgələrinə xas olan simvollar – Vətən müharibəsində Qələbəmizin rəmzinə çevrilən Xarı-bülbül, möhtəşəm Şuşa və Əsgəran qalaları, məğrurluq və cəsarətlilik simvolu sayılan Laçın quşu, Kəlbəcərin əzəmətli dağları, şöhrəti dünyaya yayılmış Qarabağ atı, görkəmli şair və filosofumuz Füzuli, xalqımızın milli sərvəti olan Xudafərin və Laləzar körpüləri, Zəngilanın məşhur Çinar ağacı, Xankəndinin əsasını qoyan İbrahimxəlil xan, qədim yaşayış düşərgəsi olan Azıx mağarası kimi rəmzlərimiz təsvir olunub.

 

Psixoloq Ramin Nəcəf portalımıza açıqlamasında Qarabağ Dirçəliş Fondu tərəfindən keçirilən işğaldan azad olunan ərazilərimizdəki mədəni-tarixi abidələrimizin təsvirlərindən ibarət “Qarabağ inciləri” pazl yarışına bu cür şərf verib: “Uşaqlar oynayıblar, əyləniblər, beyin işlədiblər, hətta dağılmış abidələri virtual yox, həqiqətən bərpa edirlərmiş kimi qürurlanlblar da. Bax məsələnin əsas tərəfi bu vətənpərvərlik hisslərinin oyanmasıdır”

 

Şəkildə: Qaliblərdən Məfkurə Həsənova

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.