Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən Daşkənddə keçirilən “Şuşa günləri” çərçivəsində Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini Baxromjon Aloyev ilə görüşüb.
Fondun məlumatına görə, görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Görüş zamanı bu il Özbəkistanın Türk Dövlətləri Təşkilatına sədrlik etməsinin ölkənin türk dövlətləri ilə, eləcə də Türk Əməkdaşlıq Təşkilatları ilə hərtərəfli əməkdaşlığının inkişafında mühüm rol oynayacağından söz açılıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk ölkələri arasında dostluq və qardaşlıq münasibətlərin gücləndirilməsinə yönəlmiş geniş miqyaslı fəaliyyətindən bəhs olunub. Fondun Özbəkistan ilə qarşılıqlı əlaqələrə yüksək əhəmiyyət verdiyi, bu istiqamətdə həyata keçirdiyi layihələr vurğulanıb. Özbəkistanın mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı Fond tərəfindən yayımlanan nəşrlərin, ölkədə təşkil edilən müxtəlif tədbirlərin, konfransların önəmi qeyd olunub. Fond tərəfindən 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu daşıyan Şuşa şəhərinin tarixi və mədəni irsinin tanıdılması məqsədilə Daşkənddə keçirilən silsilə tədbirlər Azərbaycanla Özbəkistanın bir-birinə daha yaxınlaşdırılmasına yönəlmiş addım kimi dəyərləndirilib.
Görüş təşkilatla Özbəkistan arasında fəal əməkdaşlığın davam etdirilməsi istiqamətində birgə layihələrin keçirilməsinə dair fikir mübadilələri ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)