16 Aprel - Ümumdünya Səs Günündə Azərbaycan Milli Konservatoriyasının (AMK) təqdimatında “Səsin Tədqiqi Elmi Laboratoriyası”nın rəhbəri Alexandria Sultan von Bruseldorffun təşəbbüsü və təşkilatçılığı ilə Şuşa şəhərində “Şuşanın səsi-Azərbaycanın səsi” mövzusunda konfrans keçirilib və konsert təşkil olunub.
Milli Konservatoriyadan AzərTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni oxunub və şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru professor Lalə Hüseynova açılış nitqində “Şuşa muğam sənəti nümayəndələri” haqda məruzə ilə çıxış edib.
Sonra dünyaşöhrətli səs tədqiqatçısı, elmlər doktoru, İsveç Kral Texnologiya İnstitutunun fəxri professoru, Ümumdünya Səs Günü layihəsinin əsas təşəbbüskarı və təşkilatçısı Yohan Sundberqin tədbir iştirakçılarını salamlayıb.
Tədbirin elmi hissəsində “Səsin Tədqiqi Elmi Laboratoriyası”nın rəhbəri Alexandria Sultan von Bruseldorff “Azərbaycan muğam ifaçılarının (xanəndələrinin) səs aparatının akustik və fizioloji xüsusiyyətlərinin tədqiqi”, etnomusiqişünas- alim, AMK-nın professoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəttah Xalıqzadə “Şuşanın təbiəti, səsləri və oxuma mədəniyyəti”, muğam üzrə tədqiqatçı-alim, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova “Qarabağ xanəndəlik sənətinə dair bəzi mülahizələr” və tibb üzrə fəlsəfə doktoru Ramil Həşimli “Azərbaycan muğam xanəndəlik sənəti foniatrik tədqiqatlarda” mövzusunda elmi məruzələrlə çıxış ediblər.
Sonra Əməkdar artist, AMK-nın baş müəllimi Bəyimxanım Vəliyeva, kamança ifaçısı Ceyhun Muradov və tarzən Rövşən Qurbanovdan ibarət muğam triosu bir-birindən gözəl musiqi nömrələri ilə tədbirə rəng qatıblar.
İştirakçılar gələcəkdə Şuşada daha böyük elmi tədbirlərin keçirilməsi haqda arzularını dilə gətiriblər.
Qeyd edək ki, 1998-ci ildən etibarən hər il aprelin 16-sı Ümumdünya Səs Günü kimi qeyd olunur. Bu günün keçirilməsinin əsas məqsədi ictimaiyyətə səsin insan həyatındakı vacibliyini, əhəmiyyətini çatdırmaq, səsdə yarana biləcək problemlər və bu problemlərin müalicə-profilaktik həlli prinsipləri haqqında informasiya verməkdir. 2015-ci ildən etibarən ölkəmizdə də bu gün münasibətilə müxtəlif tədbirlər keçirilir.
“Ədəbiyyat və incəsənət”
(18.04.2023)