İslam dünyasında müsəlman Hicri-qəməri təqviminin hər 3-cü ayının 12-ci günü Mövlud günü - Məhəmməd peyğəmbərin doğulduğu gün qeyd edilir. Bu il həmin gün 18 oktyabra təsadüf edir. Həqiqətən də dövrünün ən böyük dühalarından olan Məhəmməd peyğəmbərdən “Quran” kitabı, eləcə də dillər-əzbəri olmuş, zərb-məsələ çevrilmiş minlərcə cümlələr miras qalmışdır. Bu gün onlardan bir parasını niyə də xatırlamayaq?
Beşikdən qəbrədək elm axtarışında olun;
Behişt anaların ayaqları altındadır;
Ayaqlar baş olanda, başlar ayaq altında qalar;
Bilin ki sürüdən ayrılan qoyunu qurd yeyər;
Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir;
Ədəbi olmayanın ağlı da olmaz;
Hər kəs özünü hansı dəstəyə oxşadırsa, həmin dəstədəndir;
İçki insana xas olan bütün çirkin əməllər və günahlar saxlanılan anbarın açarıdır;
Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir;
Uşaqlar ata-analarından daha çox zəmanələrinə oxşayırlar;
Səni şübhəyə salan hər nə varsa, onu tərk et;
Özünə inanan adam qılınc ilə də savaşar, dil ilə də.
Və ən nəhayət, xüsusən dövrümüzlə çox səsləşən bir aforizm: Həqiqət acı olsa da danış!