Azərbaycan Televiziyasının arxivinin rəqəmsallaşdırılmasına 1 milyon manat vəsait ayrılıb

67 yaşı olan Azərbaycan Televiziyasının çox zəngin arxivi olduğu sirr deyil, tariximizin bu son dönəmlərinin ən qiymətli görüntüləri həmin arxivdə cəmləşib. Televiziyanın “Qızıl Fond"u hazırda 52 mindən çox fiziki daşıyıcıda cəmlənib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AzTV arxivini qoruyub saxlamaq, dövrün yeni İKT texnologiyalarına uyğunlaşdırmaq zərurəti daim duyulurdu və budur, lazımi qərar verilib. AzTV arxivi artıq rəqəmsallaşdırılır. Televiziyanln İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin yaydığı məlumata görə, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən və bu məqsədlə ayrılan 1 milyon manat vəsaitdən yararlanmaqla televiziyanın tarixinin rəqəmsallaşdırılması prosesinə start verilib.

 

Audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması üçün dövlət başçısının göstərdiyi diqqət televiziyanın daha keyfiyyətli və operativ çalışmasını təmin edəcək, arxivin təhlükəsiz şəraitdə qorunub saxlanılmasında fundamental baza rolunu oynayacaq. 

Hazırda avadanlıqların quraşdırılması prosesi gedir. Paralel olaraq proqram təminatı üzərində işlər yekunlaşma mərhələsindədir. Proses bitdikdən sonra elektron arxiv proqram təminatının istifadəsinə başlanılacaq. Bütün bunlar isə çox qısa müddətdə, həm də yüksək keyfiyyətlə həyata keçirilir. Əsas məqsəd təxminən bir əsr ərzində formalaşan arxivi daha etibarlı və uzunmüddətli qorumaq, mədəni irsimizin gələcək nəsillərə ötürülməsini təmin etməkdir.

Bundan əlavə, elektron arxiv sisteminin təhlükəsizliyi də diqqətdə saxlanılır. Bunun üçün yanğından mühafizə sistemi qurulub. Elektron arxivin yerləşdiyi otağın qapısı isə yanğına davamlı materialdan hazırlanıb və buraya daxil olmaq üçün kart-buraxılış sistemindən istifadə olunur.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.