Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistanın birgə ortaq layihələri müzakirə edilib

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən Daşkənddə keçirilən “Şuşa günləri” çərçivəsində Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Tanzila Narbayeva ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, görüşdə Türk Dövlət Başçılarının Türk dünyasında hərtərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlmiş səylərinin mühüm əhəmiyyətindən söz açılıb. Türk Dövlət başçıları tərəfindən bu istiqamətdə yaradılan Türk Əməkdaşlıq Təşkilatlarının sıx qarşılıqlı əlaqələrindən bəhs olunub. Türk xalqlarının mədəni əlaqələrin gücləndirilməsi vasitəsilə bir-birinə daha da yaxınlaşdırılmasının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas məqsədləri sırasında olduğu bildirilib. Fondun həyata keçirdiyi geniş miqyaslı layihələrdə Özbəkistanın aktiv yer alması vurğulanıb. Təşkilat tərəfindən keçirilən müxtəlif tədbirlərdə, o cümlədən ötən il böyük özbək şair mütəfəkkiri Əlişir Nəvainin 580 illik yubileyinə həsr olunan tədbirdə Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasının deputatlarının iştiraklarının əhəmiyyəti diqqətə çatdırılıb. Parlament diplomatiyası vasitəsilə türk ölkələri arasında siyasi dialoqun inkişafı yönündə işlər aparan TÜRKPA ilə Fondun birgə fəaliyyətinin önəmi qeyd olunub. Fond tərəfindən Daşkənddə təşkil olunan “Şuşa günləri” Azərbaycan və Özbəkistanın qardaşlıq münasibətlərinin inkişafına töhfə kimi dəyərləndirilib.

Görüşdə təşkilat ilə Özbəkistan arasında ortaq layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb və gələcək perspektivlər müzakirə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.