Tariximizin daha bir şərəfli səhifəsi. 1993-cü ildən Füzuli rayonunun ərazisinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu ildə yenidən təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Təsəvvür edin ki, bu Qaryagin rus polkovniki imiş, İranla müharibədə nə qədər azərbaycanlı öldürübmüş. 1959-cu ilin aprelində milli hisslər dilə gəlmişdir, böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin adı dəyişərək Füzuli olmuşdur. Qarabağımızın dilbər guşəsi olan Füzuli rayonu həm də qədim tariximizin sübutu məkanıdır. 1968-ci ilin yayında Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyəti olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarlamışdır.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə Füzuli sakini döyüşmüş, yüzlərlə insan şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Qarabağ müharibəsində ölkəmizdə ən çox itkin və şəhid verən Füzuli rayonunun əhalisi olmuşdur. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Azərbaycan ordusunun 1994-cü ilin yanvar ayının 5-də başladığı əməliyyat nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. 27 sentyabr 2020-ci il tarixdə şanlı Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, 9 oktyabr 2020-ci ildə Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabr 2020-ci il Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabr 2020-ci ildə Arış kəndi, 17 oktyabr 2020-ci ildə isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olundu. Yaşasın Azərbaycan ordusu!