Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunacaq Featured

Bura ölkə incəsənəti üçün yüksək ixtisaslı kadrlar yetişdirir. Bir çox dahi rejissorlar, aktyorlar, rəssamlar, heykəltaraşlar burada yetişib, böyük incəsənətə vəsiqə qazanıb. Söhbət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən gedir, o təhsil ocağından ki, 100 illiyini silsilə tədbirlərlə qeyd edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M. F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı. 

1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb və 1968-ci ildən bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılmağa başlayıb. 1991-ci ildə İncəsənət İnstitutu Universitet statusu qazanıb.

İlk tələbə qəbulu teatrşünaslıq, aktyor sənəti və rejissorluq ixtisasları üzrə aparılmışdır. 1954-cü ildə instituta xalq artisti Mirzəağa Əliyevin adı verilmişdir. 1959-cu ildən burada "mədəni maarif", 1963-cü ildə isə "dekorativ tətbiqi sənət" ixtisasları üzrə mütəxəssis hazırlığına başlanmışdır. 1981–1991-ci illərdə burada rəngkarlıq, qrafika, heykəltəraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisaslaşmalar açılmışdır.

1991-ci ildə universitetin Quba rayonunda filialı yaradılmışdır. Filial Azərbaycanın şimal bölgəsində yüksək ixtisaslı mədəniyyət işçilərinə olan ehtiyacı ödəyir. Filialın müasir tələblərə cavab verən maddi-texniki bazası vardır. 1994-cü ildən universitetin nəzdində aspirantura, 1995-ci ildən isə stajorluq-assistentura fakültəsi fəaliyyət göstərir. Son illərdə universitetdə ixtisasartırma dekanlığı və baza kafedraları təşkil edilmişdir. 1997-ci ildə xarici abituriyentlər üçün hazırlıq şöbəsi yaradılmışdır.

Burada çox peşəkar qurumlar da fəaliyyət göstərir.

“Səda" Tədris Teatrı 1962-ci ildə İncəsənət İnstitutunun nəzdində yaradılıb. "Səda" Tədris Teatrının spesifik xüsusiyyəti ondan ibarətdir ki, o yarandığı gündən indiyədək sənət laboratoriyası funksiyasını yerinə yetirir. Bu gün tanınıb sevilən aktyor və aktrisaların, tanınmış sənətkarların əksəriyyəti ilk addımlarını məhz bu teatrda atıb.

Bu illər ərzində Tədris Teatrının səhnəsində M. F. Axundzadənin "Xırs quldurbasan", "Molla İbrahimxəlil kimyagər", Ə. Haqverdiyevin "Dağılan tifaq", Ü. Hacıbəylinin "O olmasın, bu olsun", "Arşın mal alan", C. Cabbarlının "Od gəlini", "Aydın", "1905-ci ildə", "Solğun çiçəklər", C. Məmmədquluzadənin "Ölülər", S. Vurğunun "Vaqif", S. Rüstəmin "Qaçaq Nəbi", "Çimnaz xanım yuxudadır", İ. Əfəndiyevin "Mahnı dağlarda qaldı", "Büllur sarayda", J. B. Molyerin "Meşşanın zadəganlığı", "Kəndçi adaxlı", "Mizantrop", V. Şekspirin "Otello", "On ikinci gecə", N. Dumbadzenin "Unutma, ana" əsərləri, eləcə də onlarla digər müəlliflərin pyesləri uğurla tamaşaya qoyulub. 

Son illər ərzində "Səda" Tədris Teatrında hazırlanan bir çox tamaşalar müxtəlif xarici ölkələrin keçirdiyi beynəlxalq festivallarda uğurla çıxış edərək, mükafat və sertifikatlar almış, laureat adına, hətta incəsənət sferasında ən böyük mükafat sayılan "Qran-pri" mükafatına layiq görülmüşlər. Onlardan Cənnət Səlimova və Fikrət Məlikovun hazırladığı Anton Pavloviç Çexovun "Üç bacı" (İran İslam Respublikasının 20-ci Beynəlxalq tələbə teatr festivalında), Ağakişi Kazımov və Hacı İsmayılovun hazırladığı İlyas Əfəndiyevin "Unuda bilmirəm" (Türkiyə Respublikasında İstanbul Kültür Universitetində keçirilən 2-ci Uluslararası tələbə festivalı), Vidadi Həsənovun hazırladığı "Təmas" Gürcüstan Respublikasında Beynəlxalq Etüd Festivalında və "Adi əhvalat" adlı (Qazaxıstan Respublikası 1-ci beynəlxalq tələbə festivalında) tamaşaları misal çəkmək olar.

Bu gün "Səda" Tədris Teatrının ikimərtəbəli binası, 190 nəfərlik tamaşaçı zalı, geniş səhnəsi, səs yazma studiyası, müxtəlif məşq otaqları var ki, burada istənilən tamaşanı hazırlamaq və nümayiş etdirmək mümkündür.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetində SABAH qruplarına qəbul 2015-ci ildən başlayıb və iki ixtisas — Aktyor sənəti və Rejissorluq üzrə aparılıb.

SABAH qruplarında təhsil alan tələbələrə əlavə ingilis dili fənni tədris olunur və onların SABAH təqaüdü alma imkanları var. 

1968-ci ildən ADMİU-da fəaliyyət göstərən səsyazma studiyası Mehdi Məmmədov, Adil İsgəndərov, Rza Təhmasib və Müxlis Cənizadə kimi sənətkarların rəhbərliyi ilə tələbələri təcrübə meydanı olmuşdur. Azərbaycanda ilk dəfə ali təhsil müəssisəsində fəaliyyət göstərən bu studiyada universitetin aktyor və rejissor tələbələri müstəqil olaraq musiqili proqramlar və verilişlər hazırlayırlar. Səsyazma studiyasına təcrübəli müəllim Faiq Babayev rəhbərlik edir.

 

İndi isə keçək bu gün düzənlənəcək tədbirə. 

Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr olunmuş konsert təşkil olunacaq.

ADMİU nəzdində Humanitar Kollecin Xalq Çalğı Alətləri ansamblı (rəhbər Ədalət Behbudov), solistlər və violin ansamblı, eləcə də kollecin müəllim və tələbələrinin ifalarında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndiriləcək. Konsert proqramında “Misridən Cəngiyə”, “Cəngi” kompozisiyası, “Şah sevəni”, “Yanıq Kərəmi”, “Ovşarı”, “Ruhani” aşıq havaları və digər bəstəkar mahnıları səsləndiriləcək. 

Könsert ödənişlidir. Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Təbii ki, universitetin 100 iıliyi ilə bağlı düzənlənəcək digər tədbirlər barədə də portalımız sizləri məlumatlandıracaq.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.