“Ədəbiyyat və incəsənət” portalının “Soruşun, cavab verək” rubrikasının poçtunda bir neçə sual təkrarlanır: Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinə yeni təyin olunan müdir - Aynur Nurəddin qızı Kərimova kimdir.
Doxsanıncı illərdə ölkədə bir media bumu yaşanırdı, müstəqilliyin gətirdiyi media qaranquşlarından biri də “Press fakt” qəzeti idi və bu qəzetin ən sevimli köşəsi Aynur
Kərimovanın “Silentium”u idi. Bax bu Aynur həmin Aynurdur.
Aynur Kərimova müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsinin müdiri, “Barama Media”nın icraçı direktoru kimi fəaliyyət göstərib.
2009-cu ildən Filologiya üzrə fəlsəfə doktorudur. 2022-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni magistr proqramlarının yaradılması və kurrikulum dizaynı ilə bağlı işçi qrupunda fəaliyyət göstərirdi. “Texnopolis” və “Sima” sənədli media layihələrinin müəllifidir.
Və ən nəhayət, onu da deyək ki, Aynur xanım sumqayıtlıdır, şəhərin tanınmış ictimai xadimi, şairəsi Ofelya Babayevanın qızıdır.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)