“Qarabağda 620 yaşayış məntəqəsi ləğv edilir” məlumatına ekspert baxışı
“Ədəbiyyat və incəsənət” Açıq portfel rubrikasında sizlərin diqqətinə çox maraqlı bir statistikanı çatdırmaq istəyir.
Qayıdış planına görə, Qarabağın işğaldan azad olunmuş ərazilərində salınacaq yaşayış məntəqələrinin sayı mövcud 936-dan 316-dək endiriləcək.
Rayonlar üzrə baxsaq, ən çox azalma Qubadlı rayonunda olacaq - əvvəlki 91 yaşayış məntəqəsindən cəmi 24-ü saxlanılacaq.
Kəndlərin sayının Cəbrayılda 89-dan 25-ə, Zəngilanda 71-dən 22-ə, Füzulidə 76-dan 27-ə, Ağdamda 115-dən 48-ə, Kəlbəcərdə 145-dən 63-ə, Laçında 124-dən 45-ə endirilməsi planlaşdırılır.
İndiyədək dövlət büdcəsindən (2021-22-ci illər üzrə) Qarabağın bərpasına 6 milyard 488 milyon 600 min manat vəsait xərclənib. Xəcrlənmiş vəsaitin 76 faizi və ya 4 milyard 936 milyon 800 min manatı avtomobil yollarının layihələndirilməsi və tikintisində istifadə olunub.
“Ədəbiyyat və incəsənət” portalı məsələyə ekspert baxışını da diqqətinizə çatdırır. Siyasi ekspert Adəm İsmayılov kəndlərin azaldılmasına sosial mediada rast gəlinən neqativ münasibətin fonunda bu addımın çox düzgün olmasını vurğulayır: “Gəlin unutmayaq ki, 620 yaşayış məntəqəsi ləğv edilir xəbərinin arxasında faktiki yaşayış məskənləri deyil, ermənilər tərəfindən məhv ediımiş 620 xarabazar dayanır. Cəmi 2-3 ailə yaşayan, keçilməz dağ ərazilərində, yolsuzluq şəraitində mövcud olan kəndlərin yenidən bərpa edilməsi qeyri-rentabelli bir iş olduğundan həyata keçirilən mərkəzləşmə siyasəti çox düzgündür. Yalnız bu halda biz Qarabağı yüksək həyat səviyyəsi formalaşdırılmış bir məkana çevirə bilərik.”
Və elə bu yerdə bir zəruri qeydi də aparaq. Yerlə yeksan olmuş bəzi keçmiş yaşayış məskənlərini muzey kimi saxlamaq, dünyaya və gələcək nəsillərə nümayiş etdirmək də məntiqli olardı. Eynən qapaq şəklində gördüyünüz fotodakı kimi.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)