Adil Kərimlinin TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasındakı çıxışı
“Ədəbiyyat və incəsənət” portalı UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasında Mədəniyyət nazirinin birini müavini Adil Kərimlinin çıxışının stenoqramını hazırlayaraq diqqətinizə çatdırır.
TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu toplantısının ölkəmizdə keçirilməsi mühüm hadisədir. 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib. Bu Qələbə təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının qələbəsidir. Müharibə dövründə və sonra türk dünyasının Azərbaycanın haqlı mübarizəsində göstərdiyi həmrəylik münasibətlərimizin nə qədər möhkəm və sarsılmaz olduğunu sübut etdi. Qələbədən sonra Şuşa şəhərinin Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi rəmzi məna daşımaqla yanaşı, yeni inkişaf və əməkdaşlıq strategiyasını gündəmə gətirdi. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 30 ilə yaxın işğal dövründə ümumi türk dünyasının mədəni irsi hesab edilən mədəniyyət abidələri - məscidlər, mədrəsələr, görkəmli şəxsiyyətlərin evləri və digər abidələr erməni vandalizminə məruz qalaraq dağıdılıb. Eyni zamanda, Ermənistan hökuməti hazırkı Ermənistanda Azərbaycanlıların mədəni irsinin izlərini qəsdən məhv etməklə, talan və dağıntılara məruz qoymaqla, habelə Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur. Azərbaycan kəndlərinin tarixi adları tamami ilə dəyişdirilmiş, qədim toponimlər erməni adları ilə əvəz edilib.
Ermənistan hökumətinin apardığı siyasətlə tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazilərində qədim mədəni irs obyektləri (Göy məscid, Qala məscidi Şah Abbas və bunlar kimi 300 dən çox məscid və monumental abidələr) sistemli və məqsədyönlü şəkildə məhv edilib. Bir sözlə, UNESCO-nun 1954, 1970, 1972, 2003 və 2005-ci il Konvensiyaları presedentsiz şəkildə pozulub.
TÜRKSOY və Türk dövlətlərinin Milli Komissiyaları çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, bu sahədə koordinasiya məsələləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu işin daha da təkmilləşdirilməsi və intensiv əlaqələrin qurulması istiqamətində sizlərlə birlikdə daha sıx fəaliyyət göstərəcəyik. Azərbaycan təşkilatın üzvü kimi UNESCO-nun prinsip və dəyərlərinin təşviqində öz öhdəliklərinə sadiq qalaraq mühüm layihələr icra etməkdədir. Bu xüsusda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələr Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Heydər Əliyev Fondunun və şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri geniş coğrafiyanı əhatə edir. Bu istiqamətdə görülən işlər Azərbaycanın ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir. Həmin layihələr həm də ölkəmizin müxtəlif dinlərin abidələrinə və müqəddəs yerlərinə verdiyi önəmli töhfənin ifadəsidir.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)