Özü də 3 illik fasilədən sonra
Bu gün Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi qapılarını ziyarətçilərin üzünə açıb.
Xəbər verdiyimiz kimi, sərginin təşkilatçısı Caspian Event Organisers şirkətidir. Sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan “AITF 2023”-ün baş sponsoru qismində çıxış edir, Özbəkistan isə tərəfdaş ölkədir.
"AITF 2023” sərgisi pandemiya ilə bağlı yaranmış 3 illik fasilədən sonra yenidən turizm sektorunu diqqət mərkəzinə gətirir. Ənənəvi olaraq, sərgi müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya cəmləyir. Bu tədbir maraqlı tərəflərə yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında məlumat əldə etmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən əsas platformalardan biridir. Bundan əlavə, sərgi Azərbaycanın cəlbedici səyahət məkanı kimi əhəmiyyətini vurğulayaraq, Azərbaycan xalqının qonaqpərvərliyini xarici iştirakçılar və ziyarətçilərə nümayiş etdirir.
“AITF 2023” sərgisinə Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və digər ölkələrdən şirkətlər qatılıb. “AITF” sərgisində ənənəvi olaraq xarici ölkələr milli stendlərlə təmsil olunur. Budəfəki sərgidə də Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edirlər.
Qeyd edək ki, sərgi aprelin 6-dək davam edəcək.
Sərgi barədə geniş reportajlarımızı qaçırmayın.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)