Azərbaycanda Avropa Bədii Sənətlər Günləri başa çatdı Featured

İllərdir ki, Avropada mədəniyyət sahəsində ən böyük hadisə Avropa Bədii Sənətlər Günlərin (Journées Européennes des Métiers d’Art, JEMA/EACD) hesab edilir. Artıq 16-cı dəfə keçirilən tədbir bu il  20 Avropa ölkəsində martın 28-dən keçirilməyə başladı və bu gün - aprelin 3-də yekunlaşır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 2002-ci ildə Fransada biennale formatında təsis edilən, özündə sərgilər, konfranslar və digər tədbirləri ehtiva edən bu forum 2011-ci ildən başlayaraq hər il keçirilir. Artıq 2012-ci ildə EACD təşəbbüsündə 20-yə yaxın ölkə iştirak edib. Sevindirici odur ki, Avropa xalqılarının ən zəngin mədəni sənətkarlıq nümunələrini yaşadıb təbliğ edən bu tədbirlərdə bu il ilk dəfədir ki, Azərbaycan da iştirak edir. 

Və ölkəmizdə Avropa Bədii Sənətlər Günlərinin ilk tədbiri xalça sərgisindən ibarət olub. Sərginin təşkilindən məqsəd incəsənətin və Azərbaycanın zəngin mədəni irsinin, qədim xalq ənənələrinin tərkib hissəsi olan xalçaçılıq sənətinin təbliği olub ki, Avropada bu sənətə maraq hədsizdir.

Daimi sərgilər məkanında - “NUR Art House” qalereyasında Avropa İttifaqı, “World Crafts Council Europe” və “The Creative Europe Programme” təşkilatlarının dəstəyi ilə “Arts Council Azerbaijan” istehsalat birliyi ilə birgə təşkil olunmuş xalça sərgisinin açılış mərasimində çıxış edən “Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov qeyd edib ki, Avropa Bədii Sənətlər Günləri baharda təşkil edilən Avropa Bədii Sənətlər Günləri iştirakçılara xalq sənətinin ecazkar dünyasını kəşf etmək, ustalarla görüşlər keçirmək, təlim mərkəzlərində onların peşəkar təcrübəsindən faydalanmaq, seminarlara və digər tədbirlərə qatılmaq imkanı verir.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko öz çıxışında sərginin təşkilinə görə Dadaş Məmmədova və “NUR Art House” qalereyasının direktoru Röya Tağıyevaya təşəkkürünü bildirib. 

“NUR Art House” qalereyasının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva çıxış edərək bildirib ki, günümüzdə incəsənət aləminə və xalq yaradıcılığının sirlərinə bələd olmaq üçün təkcə muzeyləri ziyarət etmək yetərli deyil. Qalereyada ilboyu təsviri incəsənətə, dizayna, fotoqrafiyaya və əlbəttə xalçalara həsr olunmuş çoxlu tədbirlər təşkil olunduğu vurğulayan natiq deyib ki, bizim üçün birgə parlaq emosiyalar yaşamaq, ən başlıcası – yaradıcı ideyaları həyatda təcəssüm etdirən insanlarla tanış olmaq üçün gözəl imkan yaranıb. 

Sərginin ekspozisiyalarında istər qədim, istərsə də müasir xalçaçılıq nümunələri təqdim edilir. Tədbir çərçivəsində xalçaçılıq sənəti üzrə ustad dərsləri də təşkil olunacaq. 

Sərgi dünən - aprelin 2-də bağlanıb. 

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.