Çox maraqlı bir şəxsiyyət olub Şəfiqə xanım. O, 1886-cı il oktyabr ayının 14-də Krımda - Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olub. Mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu “Tərcüman” qəzeti vasitəsilə gəlib. Qadınlara qarşı sərgilənən kobud, laqeyd münasibətlər onu qadın azadlığı uğrunda mübarizəyə cəlb edib. 1906-cı ildən 1910-cu ilə kimi o, “Tərcüman”ın mətbəəsində qadınlar üçün Rusiya müsəlmanlarının “Qadın dünyası” adlı ilk qadın jurnalının çapına nail olub. 1906-cı ildə sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş tələbə Nəsib bəy Yusifbəyli ilə ailə həyatı qurub. Şəfiqə xanım Nəsib bəy təhsilini başa vurduqdan sonra onunla Gəncəyə gedib, lakin 3 il keçəndən sonra Nəsib bəyin ondan əvvəl başqa bir qadınla dini nikahda olduğunu öyrənərək ondan ayrılıb, övladları ilə birlikdə Krıma qayıdıb. Atasının ölümündən sonra Şəfiqə xanım “Tərcüman”ın nəşrinə diqqət yetirib, siyasi fəaliyyətini artırıb. 1917-ci ildə o, Kazan şəhərində keçirilən Rusiya müsəlman-türk qadınları konqresinə nümayəndə seçilib. Krımda “Qadın komitələri” təşkilatını yaradıb. Moskvada keçirilən Rusiya müsəlmanlarının konqresində Krımı təmsil edib.
Krım türklərinin siyasi və ictimai işlərdə fəallaşması təbii ki, hökumətin xoşuna gəlmirdi. Məhz bu səbəbdən də 1918-ci ilin fevralında “Tərcüman” qəzeti bağlandı. Şəfiqə xanım repressiya dalğasını görüb 1918-ci ilin əvvəllərində övladları ilə birlikdə Gəncəyə, 1919-cu ildə isə Bakıya gələsi oldu. Cümhuriyyət dövründə o, Bakıda Xalq Maarif Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayırdı, dövri mətbuatda qadın azadlığı mövzusunda yazıları ilə çıxış edirdi. Ayrılsalar belə Nəsib bəy övladlarına və keçmiş həyat yoldaşına hər cür dəstək göstərirdi. 1920-ci ildə bolşevik istilası və Nəsib bəyin müəmmalı qətli Şəfiqə xanımı bir daha Azərbaycandan uzaq saldı. Bolşeviklər onu övladları ilə birlikdə yaşadığı mənzildən çıxardılar. Ailənin gələcək taleyindən narahat olan, o zaman Bakıda işləyən bir türk diplomatı Şəfiqə xanımı və övladlarını türk hərbçiləri ilə birlikdə Türkiyəyə yola saldı. Bir müddət Şəfiqə xanım Türkiyədə maddi çətinliklə üzləşdi, övladları ilə sıxıntı çəkdi. Sonra İstanbulda “Qızıl ay” beynəlxalq xeyriyyə cəmiyyətində tərcüməçi kimi işə düzəldi. 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis etdi. “Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893-1920)” adlı Azərbaycan tarixi üçün maraqlı olacaq bir kitab çap etdirdi. Taleyinə əzablı günlər yazılan bu fədakar xanım uzun ömür yaşadı. 1975-ci il avqust ayının 31-də İstanbulda vəfat edərək Zəncirliquyu qəbiristanlığında dəfn edildi. Ruhu şad olsun!