Müstəqil Azərbaycan sayca 31-ci Novruz bayramını qeyd etdi. 10 günlük tətil də lap yerinə düşdü, daha şövqlə bayram keçirdik, yaxşıca istirahət etdik. Bu arada tək Azərbaycanda deyil, dünyanın dörd bir guşəsində soydaşlarımız Novruz bayramını qeyd etdilər.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları xarici ölkələrdə keçirilən Novruz şənlikləri barədə Mədəniyyət Nazirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, xarici ölkələrdəki səfirliklərimizin, habelə sosial şəbəkə istifadəçilərinin məlumatlarını izləyərək ən maraqlı və kütləvi 10 şənliyin reytinqini hazırlayıb. Reytinqi təqdim edirik.
3-cü yer. Macarıstan
Azərbaycanın Macarıstandakı səfirliyi, Macarıstandakı Azərbaycan Evi, Azərbaycan Respublikası Gənclər Fondu, “Silk Way” Tələbə Fondu və “Barsz” Macarıstan-Qazaxıstan Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Gənclərin İnteqrasiya və İnkişaf Assosiasiyasının (AYID) təşkilatçılığı ilə Macarıstanın paytaxtı Budapeşt şəhərində “Yeni gün” adlı Novruz şənliyi keçirildi ki, bu şənlik də reytinqimizin üçüncü pilləsinə ucaldı.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Macarıstan, həmçinin Tatar və Çuvaş icmalarının nümayəndələri maraqlı incəsənət nümunələri ilə çıxış etdilər. Bu ölkələri və icmaları təmsil edən tələbə və gənclər Türk dünyasının qədim ortaq tarixi və zəngin mədəniyyətini təbliğ edirdilər.
Tədbirin açılışında Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli çıxış etdi. O, ortaq türk tarixi, mədəniyyəti, adət-ənənələri və dəyərlərinin təbliğində azərbaycanlı gənclərin rolundan söz açdı.
Sonra AYID-in idarə heyəti üzvü Nazim Musabəylinin müəllifi olduğu “Yeni gün” tamaşası nümayiş etdirildi. Novruz bayramının qədim personajlarından sayılan Keçəl, Xan oğlu, Bahar qızı, Od Baba, Yel baba, Yayıq xan və Torpaq Ananın yer aldığı tamaşada gənc soydaşlarımızdan olan Ləman Əlizadə Bahar qızı obrazını canlandırdı.
Tədbirin sonunda Türk dünyası mətbəxinin ləziz təamlarından ibarət süfrə açıldı. Hamı dedi, güldü, şənləndi.
Əsl reytin üçlüyünə yaraşan şənlik oldu.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)