Müstəqil Azərbaycan sayca 31-ci Novruz bayramını qeyd etdi. 10 günlük tətil də lap yerinə düşdü, daha şövqlə bayram keçirdik, yaxşıca istirahət etdik. Bu arada tək Azərbaycanda deyil, dünyanın dörd bir guşəsində soydaşlarımız Novruz bayramını qeyd etdilər.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları xarici ölkələrdə keçirilən Novruz şənlikləri barədə Mədəniyyət Nazirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, xarici ölkələrdəki səfirliklərimizin, habelə sosial şəbəkə istifadəçilərinin məlumatlarını izləyərək ən maraqlı və kütləvi 10 şənliyin reytinqini hazırlayıb. Reytinqi təqdim edirik.
4-cü yer. İsveç
İsveçdə fəaliyyət göstərən SAF İsveç-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə bu ölkənin paytaxtı Stokholm şəhərində Novruz bayramı münasibətilə yaddaqalan bir şənlik keçirildi.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra çıxış edən SAF Dərnəyinin sədri Sevda Dadaşova qonaqları Novruz bayramı münasibətilə təbrik etdi, bu bayramın xalqımızın həyatındakı yerindən söz açdı. Novruz bayramının özəlliklərini diqqətə çatdıran təşkilat rəhbəri bu bayramın dostluq, birlik rəmzi olması ilə yanaşı, ruzi, bərəkət, yeni dövr və yeni həyatın başlanğıc ənənələrini özündə əks etdirən bir bayram olmasını da bildirdi.
Sonra çıxış edən Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşı Nail Qocayev bu bayramın milli adət-ənənələrimizi qoruyub saxlayan xalqımız üçün rəmzi əhəmiyyətindən danışdı.
Tədbir konsert proqramı ilə davam etdi. Azərbaycandan gələn musiqiçilər Cemale Alan-Berk və Anar Rüstəmov sevilən mahnılarını ifa etdilər. Azərbaycanın milli rəqslərini mahircəsinə ifa edən Saf təşkilatının uşaqlardan ibarət Qarabağ rəqs qrupu isə tamaşaçıların rəğbətini qazandı.
Konsertdə, həmçinin türk musiqiçilər də çıxış etdilər.
Əsl reytinqə düşən şənlik oldu.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)