Müstəqil Azərbaycan sayca 31-ci Novruz bayramını qeyd etdi. 10 günlük tətil də lap yerinə düşdü, daha şövqlə bayram keçirdik, yaxşıca istirahət etdik. Bu arada tək Azərbaycanda deyil, dünyanın dörd bir guşəsində soydaşlarımız Novruz bayramını qeyd etdilər.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları xarici ölkələrdə keçirilən Novruz şənlikləri barədə Mədəniyyət Nazirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, xarici ölkələrdəki səfirliklərimizin, habelə sosial şəbəkə istifadəçilərinin məlumatlarını izləyərək ən maraqlı və kütləvi 10 şənliyin reytinqini hazırlayıb. Reytinqi təqdim edirik.
6-cı yer. Rusiya
Moskvadakı məşhur Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda təşkil olunan Novruz bayramı şənlikləri də bir ayrı təmtəraqa malik idi.
Xalq gəzintilərinə çıxan pavilyonun qonaqları Azərbaycan xalqının qonaqpərvərliyi və baharın gəlişi əhval-ruhiyyəsi ilə əhatə olundular. Onlara Novruz adət-ənənələri barədə məlumat verildi, xalqımızın bu əziz bayramının atributları – tonqalın üzərindən tullanma, niyyət tutmaq, səməni, xonça və s. nümayiş etdirildi. Qonaqlar bayram adətlərinin sirləri ilə tanış oldular, ənənəvi şirniyyatların bəzədilməsi üzrə ustad dərslərində iştirak etdilər, Azərbaycan milli rəqslərinin incəliklərini öyrəndilər, şəhər və beynəlxalq rəqs müsabiqələri laureatlarının çıxışlarından zövq aldılar.
Xalq gəzintiləri ilə yanaşı, pavilyonun qonaqları Dövlət Şərq Muzeyi tərəfindən Heydər Əliyev Fondu və Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə açılmış “1940-1950-ci illər Azərbaycanın dəzgah heykəltaraşlığı” və rəssam Vera Xayrutdinovanın “Ayrı dünyalar” sərgilərini ziyarət etdilər.
Bayram şənliyinə gələnlər üçün müsabiqə və viktorinalar təşkil olundu, onlara mükafatlar təqdim edildi.
Əsl reytinqə düşən şənlik oldu.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)