Müstəqil Azərbaycan sayca 31-ci Novruz bayramını qeyd etdi. 10 günlük tətil də lap yerinə düşdü, daha şövqlə bayram keçirdik, yaxşıca istirahət etdik. Bu arada tək Azərbaycanda deyil, dünyanın dörd bir guşəsində soydaşlarımız Novruz bayramını qeyd etdilər.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları xarici ölkələrdə keçirilən Novruz şənlikləri barədə Mədəniyyət Nazirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, xarici ölkələrdəki səfirliklərimizin, habelə sosial şəbəkə istifadəçilərinin məlumatlarını izləyərək ən maraqlı və kütləvi 10 şənliyin reytinqini hazırlayıb. Reytinqi təqdim edirik.
10-cu yer. Vyetnam.
Vyetnamın paytaxtı Hanoy şəhərində Azərbaycanın Vyetnamdakı səfirliyi Vyetnamın dövlət və hökumət strukturlarının, mədəniyyət və ictimaiyyət xadimlərinin, iş adamlarının, diplomatik korpusun rəhbərlərinin, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvlərinin və əvvəllər Azərbaycanda təhsil almış vyetnamlıların, habelə bu ölkədə yaşayan soydaşlarımız iştirakı ilə Novruz şənliyi təşkil etmişdi.
Səfir Şövqi Mehdizadə xalqımızın əziz bayramlarından olan Novruzun əsrlərdir, Azərbaycanda böyük coşqu və təntənə ilə qeyd olunduğunu bildirdikdən, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Danq Ti Vin Vyetnam xalqı adından ölkəsinin tarixi və ənənəvi dostu olan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdikdən, ən xoş arzularını çatdırdıqdan sonra şənlik başlandı.
Vyetnam Milli Musiqi Akademiyasının musiqiçilərinin ifasında Azərbaycan və Vyetnam mahnıları səsləndi. Ötən əsrin 70-ci illərində o zamankı Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin tələbəsi və hazırda Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəal üzvü olan xanım Danq Lanq Anhın ifasında unudulmaz bəstəkar Telman Hacıyevin “Tələbə mahnısı” böyük alqışlarla qarşılandı.
Tədbirə xüsusi dəvət olunmuş əslən azərbaycanlı olan, Dünya Barbekü Kulinariya Assosiasiyasının vitse-prezidenti David İsrafilov Azərbaycan mətbəxinin ən sevilən yeməklərinin təqdimatını keçirdi.
Azərbaycan təranələrinin sədaları altında davam edən ziyafətdə qonaqlar Azərbaycan məhsullarından hazırlanmış milli mətbəximizin ləziz təamlarını, o cümlədən plovu, dolmanı, kabablarımızı daddılar. Qonaqlara həmçinin müxtəlif növ Novruz şirniyyatları və səməni ilə bəzədilmiş xonçalar təqdim olundu.
Tədbir çərçivəsində iştirakçılara Azərbaycan Dövlət Turizm Agentliyinin Novruz bayramı və Azərbaycanın turizm potensialı haqqında videoçarxları, xalqımızın mədəniyyətini əks etdirən əyani vasitələr, milli geyimlər, ingilis və Vyetnam dilində “Azərbaycan mətbəxi” kitabları təqdim edildi.
Əsl reytinqə düşən bir tədbir baş tutdu.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)