Azərbaycanın Fransadakı səfirliyinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə xalqımızın milli adət-ənənələrini və mənəvi dəyərimizi özündə ehtiva edən Novruz bayramı Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində qeyd olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bayram şənliyində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək Novruz bayramının fəlsəfəsi, bu bayramla bağlı adət-ənənələrimizdən danışıb. Mart ayında Azərbaycanın ən qədim, ən sevimli bayramlarından biri olan Novruzu təntənə ilə qeyd etdiyini deyərək, onun xalqımızın ənənəvi dəyərlərini özündə ehtiva etdiyini vurğulayıb.
Qeyd edib ki, ölkədə Novruz bayramı həmişə yer üzünün, təbiətin dirçəlməsinin, mənəvi saflığın, bərabərliyin təntənəsi olub. Bu gün qədim günəş təqviminə görə yazın və yeni ilin başlanğıcı bayram edilir. Novruzun 3 min ildən artıqdır planetimizin müxtəlif məkanlarında qeyd olunduğunu söyləyən səfir bu bayramın nəsillər, insanlar arasında sülhü, barışığı və həmrəyliyi nümayiş etdirdiyini diqqətə çatdırıb.
Leyla Abdullayeva bildirib ki, Novruz bayramı bəşəriyyətin mədəni müxtəlifliyini əks etdirir, müxtəlif ölkələrin xalqları və icmaları arasında dostluğa töhfə verir.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Novruz fəlsəfəsinin əsasında birliyik və dialoq yaratmaq, insanlar arasında körpü qurmaq olduğunu nəzərə alaraq, müxtəlif ölkələrin Fransada akkreditə olunmuş səfirləri, diplomatları, Parisdəki beynəlxalq təşkilatların, Fransa XİN-nin, eləcə də yerli mədəniyyət nümayəndələri, bu ölkədəki Azərbaycan icmasının üzvləri bayram tədbirində iştirak ediblər.
Azərbaycanın Novruz adət-ənənəsi əks etdirən xonçalar tədbirə xoş əhvali-ruhiyyə qatıb.
“Ədəbiyyat və incəsənət”
(17.03.2023)