Martın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Heydər Əliyev İli” çərçivəsində “Bahar gəlir” adlı tədbir keçirilib.
Tədbir Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Muzeyin direktoru, Əməkdar mədəniyyət xadimi Alla Bayramova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Novruz xalqımızın birlik, bərabərlik və həmrəylik bayramıdır.
Vurğulanıb ki, Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi var. Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu qədim bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Muzeyin şöbə müdiri Ülviyyə Şəmmədova xalqımızın qədim tarixini əks etdirən, milli adət-ənənələrimizi özündə birləşdirən Novruz bayramı haqqında ətraflı danışıb.
Tədbir konsert proqramı ilə davam edib.
Konsertdə Bakı Musiqi Akademiyasının professor-müəllim və tələbələrinin ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət “Bahar gəlir” adlı konsert proqramı təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(17.03.2023)