Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
12 oktyabr. İspanların milli bayramı
İspaniya Krallığının Milli Bayramı. Kolumb italiyalı olsa da, Amerikanı kəşf etsə də həmin günün şərəfinə ispanlar milli bayram keçirirlər. Soruşarsınız ki niyə? Ona görə ki, o vaxt Kolumbun ekspedisiyasını ispan kralı Ferdinand maliyyələşdirib, gəmilər ispan gəmiləri olub, heyət də ispan heyəti, ona görə də, ispanlar italyanlar qədər Amerikanın kəşfinin müəllifləri hesab edirlər özlərini. Amerikanı kəşf etdiyinə görə Kolumb İtaliyaya yox, İspaniyaya hesabat verib, ora ilk yollanan ağdərilər ispanlar olub, ispan kralı da Kolumba Admiral rütbəsi verib. Hər il bu gün Madriddə təntənəli parad təşkil olunur, 3 min piyada, hərbi texnika keçid edir, səmada hərbi təyyarələr uçur.
12 oktyabr. Taqmançats günü?
Bədxah qonşularımız bu gün Müqəddəs tərcüməçilər, yaxud Tarqmançats gününü qeyd edirlər. Bibliya tərcüməçilərinə həsr edilən bu günün anlamı həm dinin, həm də erməni dilinin təbliğinə hesablanıb. Amma erməni ideoloji aparatı hətta Bibliya kimi müqəddəsliyi də ümumerməni işinin bir vasitəsi hesab edir, səmavi kitabın erməni dilindəki variantında çoxlu saxtalıqlar yer alıb gedir. Tarqmançats gününüz (adamın əsla dilinə yatmır) mübarək olmasın deyirik!
12 oktyabr. The Beatles, Pavarotti, “Terminator” və Kiçik Teatr
Ümumdünya artritlə mübarizə günü. Artrit bir revmatoloji xəstəlikdir, hər yüz adamdan birində rast gəlinir. Qabaq xəstəlik yaşlı adamlara xas idi, indi həta uşaqlar da artritdən əziyyət çəkirlər; Ümumdünya sümük və əzələ günü. Bu da artrit gününə bir iqtibasdır, axı artrit – sümük və əzələ problemidir; Kadr işçisi günü. Loru dillə desək “otdelkadrların” günü. Bu şəxslər işçilərin taleyini həll edirlər, işə götürmə, işdən azad etmə məsələləri ilə məşğul olurlar, odur ki, onlarla mehriban dolanmaq gərəkdir; Ümumdünya iqtisadçı günü. Bu gün Nobel Komissiyası iqtisadi sahədə Nobel mükafatçısını elan edəcək, gün onun şərəfinədir; Mütəəssirolma anları günü. Allah heç kəsi mütəəssir eləməsin. Gününü məğzi də mütəəssirliklərdən qurtulmağa çağırışdır.
Amerikada “Qambo” şorbası günüdür, Nikaraquada televiziya işçiləri günü. 1992-ci ilin bu günüdə Qara Qarayev dünyaya gəlib, məşhur bəstəkarın adaşı olan məşhur “Qarabağ”lı futbolçu. Bizdə futbolun hazırkı bərbad vəziyyətində yeganə ayaqda duran “Qarabağ” klubudur, klub yarıtmaz AFFA başbilənlərini də sudan quru çıxarmağa kömək edir. 1984-cü ilin bu günündə Amerika ekranlarına Arnold Şvarsenegerli “Terminator” filmi çıxıb. 1965-ci ilin bu günündə Bukinqem sarayında The Beatles qrupunun solistlərinə Britaniya İmperiyası ordeni təqdim olunub. 1935-ci ilin bu günündə dünyaşöhrətli tenor Luçano Pavarotti doğulub. 1863-cü ilin bu günündə Cenevrədə Qırmızı Xaç cəmiyyəti yaradılıb. 1919-cu ilin bu günündə İranın sonuncu şahı- Məhəmməd Pəhləvi doğulub. 1879-cu ilin bu günündə Lev Trotski – tanınmış rus inqilabçısı, 1842-ci ildə Vasiliy Vereşaqin - tanınmış rus rəssamı dünyaya gəliblər. 1824-cü ildə Moskvada Kiçik Teatrın açılışı olub.
Varisin “11-20 oktyabrın təqvimi” yazısından seçmələr