Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litvaya səfəri çərçivəsində Qazaxıstanın Litvadakı səfiri Timur Urazayev və Türkiyənin Litvadakı səfiri Barış Tantekin ilə görüşüb.
Fonddan verilən məlumata görə, görüşlərdə Fond ilə təşkilatın üzv dövlətləri arasında ümumtürk mədəniyyətinin, ənənələrinin qorunub-saxlanılması istiqamətində sıx əməkdaşlığın əhəmiyyətindən söz açılıb. Müasir dövrdə Türk dövlətlərinin ortaq irsinin, dəyərlərinin mühafizəsi və gələcək nəsillərə ötürülməsinin önəminə toxunulub. Müxtəlif ölkələrdə yaşayan azsaylı türk xalqlarının Türk dünyasına inteqrasiya olunmasının və bu səpkidə Fond tərəfindən həyata keçirilən bir sıra tədbirlərin vacibliyi vurğulanıb. Təşkilatın xarici ölkələrlə tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi, türk və digər xalqlar arasında qarşılıqlı mədəni mübadilələrə töhfə kimi qiymətləndirilib.
Söhbətlər zamanı Fondun qurucu üzv dövlətləri Qazaxıstan və Türkiyə ilə iş birliyi əlaqələrinin prioritetləri nəzərdən keçirilib, gələcək planlar, mümkün birgə layihələr haqqında ümumi müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)