Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda növbəti görüş

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türkdilli dövlətlərin mədəni əlaqələrinin formalaşdırılması və inkişafı sahəsində fəaliyyətini davam etdirməkdədir. Təşkilatın prezidenti Günay Əfəndiyeva Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, görüşdə Türk Əməkdaşlıq Təşkilatlarının genişmiqyaslı ortaq fəaliyyətlərinin türk dövlətlərinin çoxtərəfli əlaqələrinin davamlı inkişafında oynadığı roldan söz açılıb. Tərəflər rəhbərlik etdikləri təşkilatlar tərəfindən üzv və müşahidəçi ölkələrlə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində aparılan işlərdən bəhs edib. 

Həm də tərəflər yaxın vaxtlarda Türkiyədə baş vermiş şiddətli zəlzələlərin bütün Türk dünyasında böyük mənəvi sarsıntıya səbəb olması məsələsinə toxunaraq, ölkəyə dəstəklərini davam etdirəcəklərini bildiriblər. Görüşdə hər iki qardaş təşkilatın 2023-cü il üzrə planları və qarşılıqlı işbirliyinin daha da gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb, gələcək birgə tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

“Ədəbiyyat və incəsənət” xatırladır ki, Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.