10 oktyabr. Ümumdünya psixiki sağlamlıq günü
1992-ci ildən qeyd edilən bu gün diqqəti psixiki xəstəlikdən əziyyət çəkən insanlara yönəltmək məqsədi güdür. Hazırda dünyada 450 milyon insan bu cür xəstəliklərdən əziyyət çəkir. Qərb ölkələrində hər yeddinci adam ya paranoiddir, ya şizofrenikdir, ya da depressiya, yaxud alkoqolizmdən müalicə alır. Psixiki xəstəliklərin əsas səbəbkarı isə stress adlı düşməndir, o düşmən ki, günümüzün əsas mənfi qəhrəmanıdır.
10 oktyabr. “Barabançını qucaqla günü”
Bu gün musiqi ansambllarının barabançılarına ehtiram əlaməti olaraq onları qucaqlamaq lazımdır. Barabançı – bizim təbirimizcə nağaraçalanlar. İndi durub həqiqətən gedəsən, “Natiq” ritm qrupunun nağaraçılarından birini, lap elə Natiqin özünü qucaqlayasan ki, qardaş, təqvim belə deyir. Düşünərlər, yəqin bunun ağlı gedib.
10 oktyabr. Ermənilərin bugünkü bayramı
İndi sizə bir şey deyim, ancaq gülməyin. Bu gün Ermənistanda kimyəvi qoşunlar günüdür. Bunlar yəni belə dərinə gediblər ki, hətta ABŞ, Rusiya kimi hərbi derjavalar belə ayrıca qeyd etmədiyi kimyəvi qoşunlar gününü qeyd edirlər? Hanı bunların kimyəvi silahları, poliqonları, hanı xüsusi hazırlıq məktəbləri? Neçə mütəxəssisləri var bu sahədə? Gülünc və absurddur, gözə kül üfürmək buna deməzlərmi?
Sizdən kim lətifə söyləməyi xahiş etsə ona bax bu lakonik lətifəni söyləyin: 10 oktyabr - Ermənistanda kimyəvi qoşunlar günüdür.
10 oktyabr. Digər əlamətdar hadisələr
Bu gün Ümumdünya evsizlər günüdür. Bomj adlandırdığımız belələrinə bu gün mərhəmət göstərməyiniz yetər. Ölüm hökmü ilə ümumdünya mübarizə günüdür. Ümumdünya sıyıq günüdür. (Mannı sıyığını kim sevməyib ki, uşaqlığında?) Finlyandiyada milli ədəbiyyat günüdür. Ukraynada rəssamlar günüdür. Pakistanda, Honkonqda və Almaniyada babalar və nənələr günüdür. Polşada ağacəkmə, Kubada müstəqillik günüdür. Və ən nəhayət, bu gün Amerikada tortun bəzədilməsi günüdür. Üstəlik, mələk-biskvit günüdür həm də. Ay maşallah!
1963-cü ilin bu günündə məşhur türk aktrisası Hülya Avşar dünyaya gəlib. 1943-cü ilin bu günündə ingilis yazışısı Corc Oruel ilk dəfə “soyuq müharibə” terminindən istifadə edib. 1933-cü ilin bu günüdə ABŞ universamlarında ilk dəfə yuyucu vasitə - “poroşok” gözə görünüb. Dreft adlı bu vasitənin üzərinə də belə yazılıbmış: “Möcüzə molekulun sayəsində parçadan çirki sovurub çıxarır”. 1919-cu ildə Antanta RSFSR-ə qarşı iqtisadi sanksiyalar elan edib. 1875-ci ildə rus yazıçısı Aleksey Tolstoy (Lev yox a) dünyasını dəyişib. 1813-cü ildə dünyaşöhrətli italyan bəstəkarı Cüzeppe Verdi dünyaya gəlib. 680-ci ildə Məhəmməd peyğəmbərin nəvəsi - Əli ibn Abu Talibin oğlu, 3-cü şiyə imamı Hüseyn ibn Əli işıqlı dünyadan köçüb.
Varisin “1-10 oktyabrın təqvimi” yazısından