Ümumdünya Poçt Günü
Bu gün əlamətdar hadisələrlə zəngin bir gündür. Öncə Ümumdünya Poçt Günündən başlayaq. Bu tarix baş qərargahı Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranma tarixi ilə bağlıdır. Ümumdünya Poçt İttifaqının yaradılması barədə müqavilə 1874-cü il oktyabrın 9-da İsveçrənin Bern şəhərində keçirilən beynəlxalq poçt konqresində imzalanıb. 22 ölkənin nümayəndələrinin imzaladığı Bern müqaviləsi ilə beynəlxalq təşkilat kimi təsis olunmuş konqres beynəlxalq poçtun vahid qaydada qəbulunu, daşınmasını və tranzitlə göndərilməsini tənzimləyən Ümumdünya Poçt Konvensiyasını qəbul edib və həmin gün Ümumdünya Poçt İttifaqı təsis olunub. 1880-ci ildən ÜPİ-nin üzvləri arasında məktub korrespondensiyasından əlavə, poçt bağlamalarının, 1891-ci ildən etibarən isə çap nəşrlərinin mübadiləsi müəyyən edilib. 9 oktyabrın Ümumdünya Poçt Günü kimi qeyd olunması ilə bağlı qərar isə 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində qəbul edilib. Yarandığı vaxtdan ötən illər ərzində çox böyük tarixi inkişaf yolu keçmiş Ümumdünya Poçt İttifaqı hazırda dünyanın 193 ölkəsini üzv ölkə kimi özündə birləşdirməklə təkcə poçt sahəsində deyil, həm də bütün beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilib.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993- cü ildən ÜPİ üzvlüyünə qəbul olunub və hazırda tamhüquqlu üzv kimi fəaliyyət göstərir. Müstəqil ölkə kimi ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu inkişaf yolu keçib, bu sahədə əldə edilən uğurların məntiqli nəticəsidir ki, son bir neçə ildə Azərbaycan poçtu Ümumdünya Poçt İttifaqının qızıl səviyyəli sertifikatına layiq görülüb. Amma gəlin etiraf edək ki, Mirzə Cəlil dövrünün Novruzəli avamlığı olmasa da digər nəsnələr poçtumuza mane olmaqdadır, düzələr deyib gözləyək.
Ümumdünya xospis və polliativ kömək günü
Dilə yatmayan bu kəlmələri əsla eşitməmişəm, ona görə bu gün mənə maraqlı gəldi. Nədir axı xospis və polliativ kömək? Sən demə, bu, sağalmaz xəstəliyə tutulmuş insanlara xüsusi müəssisələrdə ömürlərinin son günlərində göstərilən xidmətdir. Xospis fəlsəfəsi budur – xospis ölüm evi deyil, həyat evidir. Nə qədər təsəlliverivci fəlsəfə olsa da mahiyyətcə xospis elə məhz ölüm evidir. Ora yollanan pasient anlayır ki, ordan meyiti çıxasıdır. Qəribədir, öləcəyini dərk etdiyi anda insan hansı hissləri keçirir? Xatirələrlə baş-başa qalıb aciz və köməksiz halda göz yaşlarımı axıdır, etdiyi səhvlərin iztirablarınımı çəkir, yoxsa qəddar həyatdan, ona pislik edən insanlardan qisas almaq barədə düşünür? Əsl tədqiqat sahəsidir.
Amma mən dəqiq bilirəm ki, keçmişdə cəmiyyətlər daha humanist olublar, insana sağalmaz xəstəliyə düçar olduğunu, öləcəyini əvvəlcədən deməyiblər. O vaxtkı tibbi yanaşma insanı vaxtından əvvəl fikrən ölümə sürükləməyin əleyhinə yönəlmişdi. Zira, indi xərçəngə tutulana həkimlər neşə ay yaşayacağını belə deyirlər, bunu ədalətli sayırlar, “qoy insan yarımçıq işlərini tamamlasın” deyə fikirlərini əsaslandırırlar. İndiki qəddar reallıqda boşuna ümid verməmək əsas yer tutur. Amma nə olursa olsun, məncə, qəfil, gözlənilmədən ölmək daha yaxşıdır. Dünyada ölümə hazırlaşmaq qədər dəhşətli heç nə ola bilməz.
Ayını özünlə aparmalısan
Ciddi adamlar ağız büzəcəklər, amma qayğısız, bütün təminatlarla əhatə olunan avropalılar bu gün “Öz yumşaq ayı oyuncağını iş, yaxud təhsil yerinə apar” deyə bir gün icad ediblər, bu gün hamı bir ayı oyuncağını qoltuğuna vurub idarələrə və müəssisələrə, universitet və məktəblərə aparacaq. Bunca qayğısız olmaqmı olar, ilahi?
Bu gün həm də qeyri-adi hadisələr günüdür. Gərək diqqətli olub ətrafında cərəyan edən belə hadisələri izləyib tapasan. Adi günlərdə bunlara əhəmiyyət vermirsən, indisə verməli olacaqsan. Məsələn, birini mən deyim, aaaaa, toyuğun ikiqat göz qapağı var imiş ki. Yaxud, aaa, suyun üzərinə qəzet sərəndə o, betondan da möhkəm olurmuş ki.
Beynəlxalq qəzet korrespondensiyaları günü
İnternational Newspaper Carrier Day – oktyabrın ilk tam həftəsinin şənbə gününə təsadüf edən bu gün elektron medianın təzyiqinə baxmayaraq duruş gətirməkdə olan qəzetin diqqət mərkəzində dayanmasına xidmət edir. Korrespondensiyalar – poçt rabitəsi vasitəsilə göndərilən məqalələrdir, bir vaxtlar internet olmayanda ezamiyyətə getmiş müxbirlər öz yazılarını poçt vasitəsi ilə - məktub, yaxud teleqram formasında redaksiyalara göndərərdilər. Operativlik olmurdu, amma prosesin özü həyəcanverici idi, sənin yazını səbirsizliklə redaksiyada gözləyirdilər ki, qəzet sıhifələrinə yerləşdirsinlər. Oxucular isə köşklərdə növbə yaradıb təzə qəzetlərin gətirilməsini gözləyirdilər ki, son xəbərlərdən oxuyub agah olsunlar. İndi harda nə baş verirsə həmin dəqiqə sosial media, saytlar aləmə car çəkir. İndi xəbərin hazırlanması, cilalanması prosesi deyilən bir proses arxaikləşib. Bax belə. Zaman öz sözünü deməkdədir. Bununla belə, gəlin qəzetçiləri təbrik edək. Ölkədə onlar çox az sayda qalıblar, “Yeni Müsavat”, “525-ci qəzet”, “Şərq”, “Ədəbiyyat qəzeti”... Hamısı var olsun, səhnədən əsla çıxmasınlar.
Şindlerin siyahısı
Avropada donor və orqan transplantasiyası günüdür. Allah heç kəsi başqasının qanına və orqanına möhtac qoymasın heç vaxt. Yaponiyada Takayama festivalı başlayır. 15-ci əsrdən üzübəri yaponlar bu festivalı keçirirlər, iri gəlinciklər bəzədilib küçələrə düzülür, bambuk bəzəklər, rəngbərəng parçalar aksessuar təşkil edir, həyatın özünün bir butafora olması illüziyası yaradılır. Rumıniyada Xolokost qurbanlarının anım günü, Moldovada pendir günüdür. Gözünə döndüyüm amerikalılar pitsa gününü qeyd edəcəklər. Əlavə olaraq, onlarda həm də pivə günüdür. Keçən dəfə Milli pivə içmək günü idi, indi pivə. Düzü, fərqini bilmirəm. Yəqin yenə pivəni keçən dəfəki kimi içəcəklər, yeyəsi deyillər ki.
1989-cu ilin 9 oktyabrında SSRİ-nin Mərkəzi Televiziyası milyonlarla sadəlövh insanın hissləri ilə oynayıb efir vasitəsi ilə Kaşpirovskinin telepatik seanslarının nümayişinə başlayıb. 1975-ci ildə akademik Saxarova Nobel mükafatı verilib. (Arvadı erməni olduğu üçün axıra qədər Qarabağ məsələsində haqsız olan ermənilərin tərəfini tutdu bu nahaq adam). 1974-cü ildə alman biznesmeni Oskar Şindler doğulub, o kəs ki, müharibə illərində 1100 yəhudini xilas edib. Məşhur “Şindlerin siyahısı” filmini xatırladınızmı?
1959-cu ildə Boris Nemtsov doğulub - Kremlin divarları önündə siyasi qətlə yetirilmiş həmin o binəva. 1940-cı ildə əfsanəvi Bitlz qrupunun solisti Con Lennon doğulub - tarixə düşmək məqsədi güdən bir kəmağıl fanatı tərəfindən qətlə yetirilmiş digər bir binəva.
Varisin “1-10 oktyabrın təqvimi” yazısından
Şəkildə: Cəlil Məmmədquluzadənin yaratdığı Novruzəli obrazı 1967-ci ildə lentə alınmış “Poçt qutusu” filmində