Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin (COPAT) hesabatı bir daha naqis qonşularımızın mənfur simasını göz önünə qoyur. Onların növbəti oğurluq cəhdləri qeydə alınıb. Kulinariyamız və musiqimiz yenidən təhlükəyə məruz qalıb.
“Qədim türk mətbəx mədəniyyətinin şirniyyat növlərindən biri olan baklavanın (paxlava) ermənilər tərəfindən öz qeyri-maddi mədəni irs nümunəsi kimi dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət hazırlamaları barədə erməni mətbuatında gedən yazılarla əlaqədar agentlik tərəfindən sübutedici sənədlər və tarixi mənbələr əsasında arayış hazırlanıb və yayılıb” - deyə agentliyin hesabatında qeyd edilir.
Bununla yanaşı, hesabatda görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsərinin ermənilər tərəfindən oğurlanması və erməni mahnısı kimi “Youtube” kanalında yayılması, həmçinin Azərbaycanın xalq artisti, bəstəkar Eldar Mansurovun “Bayatılar”, “O gələndə”, “Bir payız gecəsi”, “Yarı səndə, yarı məndə” və “Gecələr keçir” əsərlərinin müxtəlif erməni ifaçıları tərəfindən mənimsənilməsi və “Youtube” kanalında və digər internet şəbəkələrində yayılması faktları ilə bağlı da qeydlər var, bu barədə agentlik tərəfindən arayışlar hazırlanıb və KİV-də yayılıb.
Amma heç bu da son deyil. Digər erməni saxtakarlığı Azərbaycan xalqına məxsus balaban, tütək, kamança və qanun (kanon) musiqi alətlərinin erməni milli musiqi alətləri kimi Cenevrə Etnoqrafiya muzeyinə hədiyyə edilməsi barədə informasiyanın yayılması olub. Bununla bağlı, Əqli Mülkiyyət Agentliyi qədim tarixi və ədəbi nümunələrə, tanınmış mütəxəssislərin araşdırmalarına əsaslanaraq həmin musiqi alətlərinin Azərbaycan xalq musiqisində qədim dövrlərdən bəri geniş istifadə edilən və populyarlığını bu günədək qoruyub saxlayan türk mənşəli alətlər olması ilə bağlı geniş arayış hazırlayıb və KİV-ə təqdim edib.
Amma o mənfurlarla mübarizəni tək COPAT deyil, hamılıqla aparmalıyıq.
“Ədəbiyyat və incəsənət”
(28.02.2023)