Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov oktyabrın 7-də ölkəmizdə səfərdə olan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, qonaqları səmimi salamlayan Anar Kərimov qonaqlara oktyabrın 6-da Bakı Ekspo Mərkəzində açılışı baş tutan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştiraklarına görə təşəkkürünü bildirib. Zəfər çalmış Azərbaycan dövlətinin təşkil etdiyi ilk beynəlxalq kitab bayramında qardaş Türkiyənin də nəfis tərtibatlı nəşrlərlə təmsil olunduğu üçün məmnunluğunu vurğulayıb.
Səmimi qəbula görə nazirə minnətdarlığını ifadə edən Ahmet Misbah Demircan da öz növbəsində Azərbaycana növbəti səfərinin əhəmiyyətindən danışıb.
Görüş zamanı iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra incəsənət, kino və nəşriyyat sahəsində birgə fəaliyyətin uğurla davam etdiriləcəyindən bəhs olunub.
Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.