Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlı ilə Mədəniyyət Komitəsində görüşüb, onu 65 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
“Hörmətli Nurəddin müəllim,
Sizi – Azərbaycanın "Şöhrət" ordenli teatr və kino aktyorunu, respublikamızın Xalq artisti, Prezidentin fərdi təqaüdüçüsü və Akademik Milli Dram Teatrının Aparıcı səhnə ustasını 65 illik yubileyiniz münasibəti ilə təbrik edirəm!
Siz ali təhsil illərində böyük sənətkarımız Adil İsgəndərovdan dərs almısınız (1978). Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yaradan Siz, Akademik teatrın səhnəsində oynadığınız rollarla özəlliklə seçilmisiniz.
Sizin sənət dünyanız vətəncanlılıq, milli ideallarımıza sədaqət örnəyidir. Heç təsadüfi deyil ki, 44 günlük Azərbaycan Vətən Müharibəsi başlanınca, siz cəbhəyanı bölgələrdə, eləcə də, döyüşən hərbçilərimiz qarşısında silsilə mədəni proqramlarla çıxış etdiniz, onları qələbəyə ruhlandırdınız.
Çox şadıq ki, builki yubileyinizi işğalçı düşmən üzərində tarixi Zəfərimizin qüruru, sevinci içində keçirirsiniz.
Sizi Milli Məclisin Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan, yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
Qənirə Paşayeva Nurəddin Mehdixanlıya Komitə adından Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Xalq artisti səmimi görüş, fikir mübadiləsi və təbrik üçün Komitə sədrinə təşəkkür edib.