Svetayevanı qazandıran, Fildinqi itirdən gün

 

Bu gün – 8 oktyabrda tibb işçilərinin bayramları davam edir, bu gün də Beynəlxalq veterinar tibb bacısı günüdür. ABŞ böyük fəxarətlə sendviç gününü qeyd edəcək. Bu azmış kimi, onlar üstəlik, milli varenik (içi kəsmikli və cemli peraşki, təqribən bu cür bir şey) gününə də sevinəcəklər. 1970-ci ilin bu günündə Aleksandr Soljenitsinə ədəbiyyat sahəsində Nobel mükafatı təqdim edilib. 1967-ci ildə Boliviya ordusunun xüsusi təyinatlıları əfsanəvi Ernesto Çe Gevaranı əsir götürərək ertəsi gün güllələyiblər. 1914-cü ildə 1-ci dünya müharibəsi zamanı ilk dəfə aviasiya bombardmanı baş tutub. 1892-ci ildə rus şairəsi Marina Svetayeva doğulub. 1754-cü ildə 18-ci əsr ədəbi realizm cərəyanının ən görkəmli nümayəndələrindən biri olan ingilis yazıçı Henri Fildinq dünyasını dəyişib.

 

Bu gün həm də Beynəlxalq Yumurta Günüdür. Toyuqlar niyə də öz günlərini bayram etməsinlər ki? Toyuq əvvəl yaranıb, yoxsa yumurta? Bəşəriyyəti ən çox məşğul edən bu suala cavab tapılmayınca və insanlar mətbəxdə tezbazar nəsə hazırlayıb yemək vərdişindən əl çəkməyincə yunurta bəşəriyyət üçün aktual olaraq qalacaq. Egg Commission adlı yumurta məsələlərinə baxan təşkilatın istəyi ilə yaranan bu gündə nəzərə çatdırılacaq ki, bütün dünyada qida rasionuna daxil olan yumurtadan həm də tibbdə, kosmetikada istifadə edilir. Üstəlik də tikintidə. Bəli, bəli. O ki bir zamanlar Zeynalabdın Tağıyevin mülk tikdirəndə sementəvəzi yumurtadan istifadə etdiyi söylənilirdi, indi dünya tikinti industriyası keçmişdən görk alıb inşaat texnologiyalarında yumurtadan istifadə edir.

 

Yumurta ilə bağlı bir uşaqlıq xatirəm var, anam tez-tez mənə qoqlu-moqlu düzəldib yedirdirdi ki, güclü olum. Yumurtanın ağını şıxarıb sarısını şəkər tozu ilə çalardılar, rəngi ağarıb durulunca ondan ləzzətli bir təam yaranırdı. İndi daha rasionda belə qida yoxdur, qoqlu-moqlu arxiv materialına çevrilib. Təəssüf.

 

Yumurtanın qiyməti deyirlər qalxıb, iyirmi qəpik civarındadır. Bu bayram günü Tarif Şurası xalqa əsl töhvə verə bilər, tutalım, yumurtanı 2-3 qəpik ucuzlaşdırar. Onda toyuqlarla bərabər insanların da bayramı olar.

 

Varisin “1-10 oktyabrın təqvimi” yazısından

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.