“Wikipedia.org”da Azərbaycana dair özbək dillində yaradılan bölmələr təqdim edilib
Növbəti xəbətimiz Daşkənddən alınıb. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən. Mədəniyyət Mərkəzi və “İslahatçı Gəncələr” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Daşkənd şəhərində keçirilən “Azərbaycan-Özbəkistan Gənclərinin Dostluq Əməkdaşlıq Forumu” çərçivəsində “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair özbək dillində yaradılan bölmələrin təqdimatı olub.
Öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov internetdə, elektron və çap mediada Azərbaycana dair özbək dilində məlumatların zənginləşdirilməsi, bu istiqamətdə özbək mətbuatı ilə yaradılan sıx əməkdaşlıq əlaqələri, həyata keçirilən layihələr barədə məlumat verib. Diplomat 2016-cı ildə "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında aparılan monitorinq nəticəsində Azərbaycana dair özbək dilində məlumatların olduqca az, qeyri-obyektiv və tələblərə cavab vermədiyini bildirib. Bundan sonra Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya dəstəyi, habelə Wikipedia könüllülərinin iştirakı ilə Beynəlxalq Elektron Ensiklopediyada Azərbaycana dair özbək dili versiyasının yaradılması işinə start verildiyini söyləyib: “Ötən 6 ildə Özbəkistanda Wikipedia könüllüləri tərəfindən məlumatların seçilməsi, sistemləşdirilməsi, tərcüməsi və onlayn Ensiklopediyada yerləşdirilməsi həyata keçirilib. Layihə çərçivəsində internetdə Azərbaycana dair özbək dilində informasiya əldə etmək istəyən hər bir istifadəçi ölkəmizə dair dolğun və obyektiv məlumat əldə etmək imkanı qazanıb”.
Daha sonra tədbir iştirakçılarına Azərbaycan Mədəniyyət Mərkəzinin saytında “Azərbaycan Vikipediyada” adlı bölmədə yerləşdirilmiş və özbək dilində yaradılmış məqalələr təqdim edilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə hazırlanmış xüsusi təqdimatı nümayiş etdirib.
Qeyd olunub ki, bugünə qədər yüzlərlə bölmə istifadəyə verilmiş və hazırda bu iş Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən uğurla davam etdirilir.
“Ədəbiyyat və incəsənət”
(15.02.2023)