Daha önəmlisi: bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür Featured

Kimi dindirirsən, deyir bu gün Müqəddəs Valentin günüdür, sevgililər günüdür. Amma daha önəmlisi: 14 fevral gününün digər və daha önəmli ampluası da var: Dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.

 

Mənşəyinə görə, bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, blogerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.

Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

Kitabın sehri xüsusi bir möcüzədir. Oxumağı sevən bir insan üçün hansı ədəbi janrı üstün tutmasından asılı olmayaraq, sevimli kitabı ilə görüş xoşbəxt andır və yeni bir əsəri oxumağın başlanğıcı, insanın şüuru və təxəyyülü üçün kəşf edilməsi lazım olan bir dünyadır.

Son illər ölkəmizdə də bu gün bir sıra tədbirlərlə qeyd edilir. Təkcə elə onu deyək ki, iş adamı, “Məktəbli” mağazalar şəbəkəsinin sahibi Akif Şahbazov Sumqayıtın şəhər kitabxanalarına düz 1000 ədəd kitab hədiyyə edib. “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlunu da daim kitab hədiyyə edən görürük. 

Bayramınız mübarək, dostlar!

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.