Dünya Bankı ilə Azərbaycan arasında əlaqələrin perspektivləri müzakirə edilib

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun Bakıya gəlişi özündə bir çox maraqlı nüansları cəmləyir. Ən azından, Dünya Bankı ilə Azərbaycan arasında yeni əməkdaşlıq istiqamətləri yollarına aydınlıq gətirilir. 

 

Ötən gün iqtisadiyyat naziri Mikayıl Cabbarov Sebastian Molineus ilə görüşüb. İqtisadiyyat naziri Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa önəm verdiyini, Bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edilib ki, Bankla ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya artımı və başqa sahələr üzrə birgə layihələr reallaşdırılıb, analitik sənədlər hazırlanıb. 

Görüşdə ölkəmizdə iqtisadi diversifikasiya, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə məlumat verilib. Vurğulanıb ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində davamlı iqtisadi yüksəlişə, “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi önəm verilir. 

Və daha bir nüans: Milli Prioritetlərdə müəyyən olunmuş strateji istiqamətlər üzrə həyata keçirilən 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişafa dair Strategiyada dövlət sektorunda idarəetmənin təkmilləşdirilməsi və yeni keyfiyyətə transformasiya, ekosistemdə müsbət keyfiyyət dəyişiklikləri, biznesin, insan kapitalının davamlı inkişafı, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şəraitin yaradılması və s. əsas hədəflər kimi müəyyən olunub.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ölkəmizin strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Bankın Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirdiyini bildirib, tərəfdaşlığın yeni istiqamətləri barədə fikirlərini bölüşüb. 

Tərəflər Dünya Bankı ilə əməkdaşlığın gündəliyində olan məsələlər, potensial layihələr barədə müzakirə aparıblar.

Nəticələr yəqin ki, özünü çox gözlətməz. 

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.