Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni yazır
Qərbi Azərbaycan İcmasının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması prioritet vəzifələrdəndir. Çünki bu cür təşkilatlar böyük bir icmanı təmsil edirlər. Burada təşkilatlanma yüksək səviyyədə olmalı, struktur formalaşmalıdır.
Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası yüksək səviyyədə icra olunacaq. Bu fəaliyyət proqramı qarşımızda bir çox vəzifələr qoyur. Onlardan biri də əlbəttə ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi fəaliyyət istiqamətidir.
Erməni diasporu uzun illərdir ölkəmizə qarşı məkrli, çirkin planlar qurur və bunun reallaşması üçün müxtəlif vasitələrə əl atır. Azərbaycanın müstəqilliyi, güclü dövlətə çevrilməsi regionda və dünyada beynəlxalq nüfuzunun artması onların bir çox planlarını pozdu. O cümlədən, “Böyük Hayastan” xülyasını da kənara atdı.
30 il bundan əvvəl, Azərbaycan dövləti hərbi cəhətdən zəif olanda “Böyük Ermənistan” xülyasının təbliğatı daha çox gedirdi, nəinki indi. Hazırda isə ermənilər “Kiçik Hayastan”ın hayındadırlar. 44 günlük Böyük Vətən savaşında tarixi qələbəmiz nəticəsində torpaqlarımızın işğaldan azad olunması tarixi zəfərimizin əldə olunması ilə nəticələndi. Zəfər gününü xalqımıza bəxş edən şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allahdan şəfa diləyirik. Ordumuz və xalqımız var olsun.
Əlbəttə ki, erməni lobbisinin və havadarlarının Azərbaycana, eyni zamanda türk dünyasına qarşı məkrli və qərəzli fəaliyyəti ifşa edilməli və araşdırılmalı, dünya ictimaiyyətinə təqdim edilməlidir.
Həmçinin Qərbi Azərbaycan İcması olaraq biz bir sıra tədbirlər görməliyik. Belə ki, bu istiqamətdə Qərbi Azərbaycanın tarixini dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara Qərbi Azərbaycan İcmasının tələbini təqdim etməliyik. Bu tələblərdə ilk növbədə ərazilərin qədim Azərbaycan torpaqları və ermənilərin ora köçürülmüş xalq olması xüsusi qeyd edilməlidir. Yəni İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz Azərbaycan xalqının yaşadığı mahallar olub. Bu gün Zəngəzur dəhlizinin aktuallığını dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Bu baxımdan Qərbi Azərbaycan TV-si qurulmalı, bütün sosial şəbəkələrdə Qərbi Azərbaycan İcması aktiv fəaliyyət göstərməlidir. Yalnız bu cür məqsədyönlü fəaliyyət nəticəsində Prezident İlham Əliyevin bizim qarşımızda qoyduğu məqsəd və vəzifələrə nail ola bilərik.
Biz azərbaycanlıların, rusların və digər millətlərin Qərbi Azərbaycandan zorla qovulması nəticəsində indiki Ermənistan etnik respublikaya çevrilib. Orada yaşayan ermənilər isə əslində bir toplumdur. Həmin ərazilərdə bizim mədəni, tarixi və dini abidələrimizin dağılması və yer üzündən, eləcə də yaddaşlardan silinməsi, yer adlarının tamamilə ləğv edilməsi əsl tarixi-mədəni genosiddir. Bütün bunlar müvafiq qurumlar və beynəlxalq təşkilatlar tərəfindən araşdırılmalı və dəyən ziyan hesablanmalıdır. Azərbaycanın dövlət qurumlarının, ictimai birliklərin və alimlərimizin apardığı araşdırmalar beynəlxalq ictimaiyyətə təqdim olunmalı, bu sahədə yazılmış kitablar, əsərlər müxtəlif dillərə tərcümə edilməlidir. Qafqazda erməni məsələsi bütövlükdə konseptual şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır.
Xarici səfərlərdə və beynəlxalq təşkilatlarda görüşlər zamanı ermənilərlə daima mübahisəmiz olur, Azərbaycanın haqlı və ədalətli mövqeyini onların, eyni zamanda beynəlxalq təşkilatların nümayəndələrinin diqqətinə çatdırırıq ki, torpağı işğal olunan, tarixi saxtalaşdırılan azərbaycanlılardır. Bu ədalətsizliyə son qoyulmalı və ifşa olunmalıdır. Dünya ictimaiyyəti bilməlidir ki, azərbaycanlılara qarşı böyük tarixi ədalətsizlik edilib, torpaqlarımız işğal olunub və 1 milyondan artıq məcburi köçkün və qaçqınımız öz vətənini və yurdunu tərk edib.
“Ona görə də dəyən ziyan və kompensasiya illə bağlı bütün sənədlər təqdim olunmalı və ödənilməldir. Əgər Ermənsitan zərəri ödəyə bilmirsə, onda havadarları ödəsin və ya əvəzində Zəngəzuru, Göyçəni qaytarsın. Bununla əlaqədar hesablamalara görə Azərbaycana milyardlarla dollar həcmində zərər vurulub. Ermənilər beynəlxalq hüquq nöqteyi -nəzərindən maddi təzminatı ödəməlidirlər. Əks halda Azərbaycan daha təsirli üsullara əl atmaq məcburiyyətində qalacaq.
“Ədəbiyyat və incəsənət”
(30.01.2023)