Vandalizm: Ordubadda Yusif Məmmədəliyevin abidəsinin mərmər üzlüyü sökülüb Featured

 

Azərbaycanın tarix boyu yetişdirdiyi ən məşhur elm adamlarının adını sadalayası olsaq mütləq ilk onluqda, hətta ilk beşlikdə Yusif Məmmədəliyevin adı gələcək. Bir daha bu görkəmli şəxsiyyətin tərcümeyi halını və elmi nailiyyətlərini diqqətinizə çatdırırıq ki, başlıqdakı acı xəbəri sonradan bölüşək. 

 

Yusif Məmmədəliyev 1905-ci ilin 31 dekabrında Naxçıvan qəzasının Ordubad şəhərində anadan olub. 1926-cı ildə Vladimir İliç Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən bir müddət sonra, 1928–1929-cu illərdə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda müəllim işləyib. O, İrəvan azərbaycanlılarının ictimai həyatında da fəal iştirak edib. Həmin  dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olub, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış edib.

1942-ci ildə Yusif Məmmədəliyev kimya elmləri doktoru ("Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi" mövzusu) və professor, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki olub.

Tam əsasla demək olar ki, Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı quranlardan biridir. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi insanın adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan SSR EA-nın akademiki, Rəyasət heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilib. M. Mirqasımov, M. Topçubaşov, Səməd Vurğun, Şirokoqorov, Yesman, Mikayıl Hüseynovla bərabər, o, akademiyanın təsisçisi və Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri idi. 1954-cü illərdə Azerbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik-katibi, 1954–1958 illərdə S. M. Kirov adına ADU-nun rektoru olub. Görkəmli şəxsiyyət 15 dekabr 1961-ci ildə - cəmi 56 yaşında Bakıda vəfat edib. 

Həyat tarixçəsinə baxsaq, Yusif Məmmədəliyev keçmiş SSRİ, ABŞ, İtaliya (1955, Roma), Fransa (1960, Paris), İngiltərə, Polşa Xalq Respublikası (1957–58, Varşava), Macarıstan Xalq Respublikası (MXR) və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişdir.

Akademik Y. Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, bu da II Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək etmişdir.

Faşist ordularına qarşı Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin çox böyük əhəmiyyəti oldu. Onun tərkibi Y. Məmmədəliyev tərəfindən toluolun — partlayıcı maddələr üçün xammalın — əldə edilməsi əsasında işlənib-hazırlandı. Lakin o vaxt, müharibə dövründə, lap elə müharibədən sonra da çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici "kokteylin" müəllifi Yusuf Məmmədəliyevdir. Deyilənə görə, Azərbaycanın ovaxtkı rəhbəri M. C. Bağırov nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşıbmış, təsadüfən mayedən bir qədər buxarıya sıçramış, hündür alov qalxmış, buxarının odadavamlı kərpici ərimiş, metal borular dağılmışdı. Onda Bağırov alimin nə kəşf etdiyini dərk etmişdi.

Azərbaycanda Elmlər Akademiyası 1945 ilin yazında yaradılmışdı və istedadlı kimyaçı, alim, yenilikçi, Lenin ordenli, toluolun və yüksək oktanlı yanacağın sənaye istehsalının təşkilatçısı Y. H. Məmmədəliyev onun həqiqi üzvlərinin birinci tərkibinə haqlı olaraq daxil edildi. Onun hələ 40 yaşı yox idi o vaxt. 

Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır. Yusif Məmmədəliyev Lenin ordeni (1944), "Qırmızı əmək bayrağı" ordeni (1954) və "Şərəf nişanı" ordeni (1951), həmçinin medallarla təltif edilmişdir.

Belə ki, Nobel mükafatına namizədlik məsələsi ortaya çıxanda, SSRİ alimlərinin çoxunun Bakıdan olan "ALKİLLƏŞDİRMƏ KRALI"nın namizədliyi üzərində dayanması tamamilə qanunauyğun idi. Qırıcı təyyarələr üçün keyfiyyətli benzin kəşfinə görə ona Nobel mükafatı verəcəkdilər. Məmmədəliyevin Nobel mükafatına namizədliyi 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasında müzakirəyə çıxarıldı. Baş katib N.S.Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəldilər. Elə bu zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxdı. MK katibliyinin təqdim etdiyi məktubda Sovet Ordusu Arxa Təchizat İdarəsinin rəisi, marşal Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatın Stokholma göndərilməsini məsləhət görmədilər. SSRİ DTK-nın sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Anastas Mikoyan çıxış edərək məktubun müəlliflərinə haqq qazandırdı və onları dəstəklədi. Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmadı.

Bu gün Naxçıvanda Yusif Məmmədəliyevin abidəsi ilə baş verən hal, hardasa o uzaq illərdə ermənilərin ona qarşı həyata keçirdikləri o mənəvi terrora bənzəmirmi? Əfsus ki, o vaxtkı hadisəni düşmən millət, indikini isə özümüzünkülər törədiblər. 

Faşist Almaniyası üzərində SSRİ-nin qələbəsini təmin edən amillər haqqında müharibədən sonrakı illərdə belə danışırdılar: müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udmaq mümkün oldu. Akademikin dünya elminə daha bir misilsiz töhfəsi strateji raketlər üçün 1950-ci ildə yaratdığı duru yanacaq idi. Yerin ilk peyki, Qaqarinin uçuşu — bütün bunlar Baki nefti, Azərbaycanın neft kimyası məktəbinin yaradıcıları olan Y. H. Məmmədəliyevin elmdə qəhrəmanlığı və onun həmfikirlərinin fədakar əməyi sayəsində baş tutdu.

Azərbaycan məhz belə bir dahi yetişdirib. 

Və budur, 2023-cü ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində akademik Yusif Məmmədəliyevin abidəsinin postamentinin qara mərmərdən olan üzlüyü sökülüb. Xəbərə görə, qiymətli daşlar hansısa bir vəzifəli şəxsin göstərişi ilə, heç bir səbəb olmadan sökülərək aparılıb, postamentə isə adi beton üzlük çəkilib. Azərbaycan üçün bu qədər işlər görən dahi şəxsiyyətə sonda abidə mərmərini də çox görüblər.

Mövzuya qayıdacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.