Bu gün Azərbaycan Akademik Milli Dram Teatrında yeni tamaşalardan sayılan “Filumena Marturano” tamaşası nümayiş olunacaq ki, tamaşa da italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanıb.
Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır. Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.
Eduardo de Filipponun 1946-cı ildə qələmə aldığı əsər elə həmin il Neapoldakı Politeama teatrında tamaşaya qoyulub. Əsər Filumena Marturano adlı qadının Domeniko Soriano adlı varlı kişi ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.
“Ədəbiyyat və incəsənət”
(26.01.2023)