Oktyabrın 6-dan 10-dək Bakı Ekspo Mərkəzində 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
AzərTAC xəbər verir ki, sərgi-yarmarkanın məqsədi kitab və mütaliəni təbliğ edəcək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.
Kitab sərgi-yarmarkası dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.
Sərgidə nəşriyyatlar, mətbəələr, kitab mağazaları və mədəniyyət mərkəzləri nümayiş olunacaq. Sərgi-yarmasında Azərbaycan, Bolqarıstan, Gürcüstan, Fransa, İndoneziya, İran, Kolumbiya, Qazaxıstan, Qırğızıstan, Misir, Özbəkistan, Rusiya və Türkiyədən 200-ə yaxın nəşriyyat və poliqrafiya şirkətləri iştirak edəcək.
Sərgi şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsətdir.
Sərginin keçiriləcəyi 5 gün ərzində iştirakçıları və ziyarətçiləri əlavə tədbirlərdən ibarət maraqlı proqramlar gözləyir. Məşhur azərbaycanlı və xarici yazarlar sərginin müxtəlif günlərində “günün qonaqları” olacaqlar: Çingiz Abdullayev, Elxan Elatlı, Elçin Əliyev, Nail Əlizadə, Gülseren Buğdayıcıoğlu, Togrul Mehti Niyazi və digərləri. Tarixçi Fuad Axundovun təqdimatında “Cənubi Qafqaz şəhərlərinin tarixi ənənələri” mühazirəsi baş tutacaq. Ercan Kesal (“Çukur” serialının baş qəhrəmanı İdris Koçovalı) ilə görüş saatı keçiriləcək.
Şairə Nigar Həsənzadənin təqdimatında “Söz” layihəsi çərçivəsində 44 günlük müharibədə iştirak edən şeir təqdimatları baş tutacaq.
Solmaz Amanova, Sayman Aruzu, Orxan Adıgözəl, professor Nəsiman Yaqublu, İradə Məlikova, Elçin Əzimli, kimi yazıçılar kitablarını təqdim edəcək, Azərbaycanın və Türkiyənin gənc şairləri ilə görüşlər keçiriləcək.
“Nizami Gəncəvi İli” çərçivəsində hər gün səhər saat 10:00-dan etibarən Bakı Ekspo Mərkəzinin foyesində müxtəlif tədbirlər keçiriləcək. Onların arasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən Nizami Gəncəvinin əsərləri üzərində qurulmuş kukla tamaşaları, Xalça Muzeyinin təqdimatı və s. Azərbaycanlı və türkiyəli yazıçılar Nizami Gəncəvinin və Yunus Əmrənin şeirlərini oxuyacaqlar.
Uşaqlar üçün bir sıra tədbirlər təşkil olunacaq. Sərgi-yarmarkası zamanı "Tık-Tık xanım", “Cırtdan” uşaq tamaşası, Uşaqlar və böyüklər üçün müxtəlif master- klaslar, ebru (su üzərində rəsm sənəti) və daha nələr nümayiş olunacaq. Yazıçı Solmaz Amanova milli Azərbaycan nağıllarının personajlarını təqdim edəcək və hər bir uşağa paltarını dəyişərək nağıl qəhrəmanı obrazında olmaq imkanı veriləcək. Yazıçı Mürşüd İsmayılzadə ilə intellektual oyunlar keçiriləcək.
Sərgi-yarmarka çərçivəsində N.Gəncəvinin əlilliyi olan uşaqlar üçün işarə dilinə tərcümə edilmiş "Yeddi gözəl" kitabının elektron versiyasının təqdimatı da gerçəkləşəcək.
Ziyarətçilər üçün sərgiyə “Koroğlu” metro stansiyasından hər yarım saatdan bir, “Elmlər Akademiyası” stansiyasının yanından isə hər saatdan bir avtobuslar hərəkət edəcəklər.
Sərgi-yarmarka Mədəniyyət Nazirliyinin təşkilatçılığı, “bp” şirkətinin sponsorluğu, “Caspian Event Organisers” (“CEO”) şirkətinin isə dəstəyi ilə açılacaq.