Birləşmiş Ərəb Əmirliyinin Dubay Şəhər Kitabxana Fondunun sədri Məhəmməd Əhməd Almur Azərbaycan Milli Kitabxanasında olub. Bu barədə Milli Kitabxana məlumat yayıb.
“Ədəbiyyat və incəsənət” portalı sözügedən məlumata istinadən xəbər verir ki, kitabxananın direktoru Kərim Tahirov qonağı kitabxanada görməkdən şad olduğunu bildirib, ona kitabxana haqqında ümumi məlumat verib. O, Milli Kitabxananın fondu, oxucuların sayı, kitabxanada həyata keçirilən avtomatlaşdırma prosesləri, pandemiya dönəmində Milli Kitabxananın onlayn xidmətlərindən, eləcə də beynəlxalq layihələr haqqında danışıb. K.Tahirov kitabxananın beynəlxalq əlaqələrindən bəhs edərək söyləyib ki, Azərbaycan Milli Kitabxanası dünyanın 60-dan artıq kitabxanası ilə əməkdaşlıq edir. Direktor danışıq zamanı gələcəkdə iki ölkənin kitabxanaları arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasını təklif edib.
Söhbət zamanı Məhəmməd Əhməd Almur da Milli Kitabxanada olmasından məmnunluğunu ifadə edərək, Azərbaycan Milli Kitabxanası ilə gələcəkdə beynəlxalq kitab mübadiləsi işini həyata keçirməyi planlaşdırdığını qeyd edib. Qonaq kitabxanada həyata keçirilən avtomatlaşdırma proseslərini və onlayn xidmətləri yüksək qiymətləndirib.
Görüşün sonunda Kərim Tahirov qonağa “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu, Milli Kitabxananın ərəb dilində nəşr etdiyi Mir Cəlal Paşayevin “Ədəbiyyatda romantizm”, “Yevgeniy Bertelsin “Böyük Azərbaycan şairi Nizami”, “Elçin Əhmədovun Şuşa – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı”, “Karabakh by the roads of victory” kitablarını və Azərbaycanın xəritəsini hədiyyə edib.
Sonda qonaq Milli Kitabxana ilə yaxından tanış olub. Kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Uşaq bölməsi”, “Nadir kitablar və kitabxana muzeyi”, “Not nəşrləri və səsyazmaları” şöbələri ilə tanış olub. Not nəşrləri və səsyazmaları şöbəsində xüsusilə elektron musiqi bazasının yaranmasını, fondda mühafizə olunan qramplastinkaların yeni avadanlıqlar vasitəsilə DVD disklərə köçürülməsini və eləcə də 70-80-ci illərdə çap edilən not məcmuələrinin Milli Kitabxana tərəfindən yenidən nəşr olunmasını xüsusi qiymətləndirib.
“Ədəbiyyat və incəsənət”
(28.12.2022)