Mərakeş Krallığının paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İcraiyyə Şurasının 43-cü sessiyası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Naİrliyinə istinadən xəbər verir ki, sessiyanı giriş sözü ilə açan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik son dövrlərdə təşkilatın bütün əsas göstəricilər üzrə inkişafda olduğunu, yeni strategiya üzrə fəaliyyətin uğurla icra edildiyini diqqətə çatdırıb. Həyata keçirilmiş, cari və planlaşdırılan layihələr haqda məlumat verilib.
Tədbir çərçivəsində “Azərbaycan Respublikası ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyət Planı” imzalanıb. Fəaliyyət Planını Azərbaycan tərəfdən ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov, ICESCO adından isə təşkilatın Baş direktoru Səlim Əl-Malik imzalayıb. Fəaliyyət Planına əsasən Azərbaycanın təşəbbüsü ilə irəli sürülən və BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-nun tərəfdaşı olduğu “Mədəniyyət naminə sülh” qlobal çağırışı çərçivəsində birgə fəaliyyətlərin icrası nəzərdə tutulub. Bununla yanaşı, ICESCO-nun Gənc Peşəkarlar Proqramı, İslam dünyasının mədəni irs abidələrinin qorunması və mühafizəsi, həmçinin informasiya texnologiyası sahəsində həyata keçiriləcək layihələrə dəstək verilməsi planlaşdırılır.
Qeyd edək ki, sessiyada Mədəniyyət Nazirliyinin nümayəndəsi də iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(27.12.2022)