Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanda ilk dəfə çəkiləcək çoxseriyalı tarixi-bədii televiziya filmi “Atabəylər”in yaradıcı heyətinin Azərbaycandan və Türkiyədən olan bir qrup üzvü ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə layihə rəhbəri Sərvər Bayramov, filmin ssenari qrupunun rəhbəri, yazıçı Varis, filmin baş prodüsseri Əlibala Məhərrəmzadə, baş rejissor Aytac Sakal, rejissor assisenti Sədat Kahraman, filmin inzibatçısı İdris Barlas Türkmənoğlu və quruluşçu rəssamı Zəfər Malkoç iştirak edib.
Yaradıcı heyət görülmüş işlər və planlar barədə Komitə sədrinə ətraflı bilgi verib.
Q.Paşayeva öz növbəsində ürək sözləri bölüşüb, yaradıcı heyətə sənət uğurları diləyib.
O, AzTV-də yayımlanacaq serialın çox məqsədəuyğun bir yaradıcılıq hadisəsi olacağını, ideyası, mövzusu, ölkəmizin kino təsərrüfatına qazandıracağı yeniliklər baxımından dəyərli bir iş olacağını söyləyib. Qardaş Türkiyədə tarixi mövzularda çox uğurlu filmlər çəkildiyini deyən Q.Paşayeva, “Atabəylər”in çəkilişlərində qardaş ölkə sənətçilərinin, mədəniyyət işçiləri və sənət xadimlərinin iştirakından məmnun olduğunu deyib.
“Atabəylər”in ölkəmizdə bir ilk olduğunu, inşallah son olmayacağına və layihənin uğurlu alınacağına inamını ifadə edən Q.Paşayeva filmin Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkilməsini təqdirəlayiq hal kimi xarakterizə edib.
Film-layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə Xatun, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Memar Əcəmi Naxçıvani, Qara Sunqur, Sultan Səncər, Məhsəti Gəncəvi, Vəzir Kəmaülmülk və b. şəxsiyyətlərin obrazlarının təqdim olunmasını yeniyetmə və gənc nəslin öz tarixi, soy-kökü haqqında dolğun təsəvvürlərə yiyələnməsi baxımından əvəzsiz hadisə olacağını söyləyib.
O vurğulayıb ki, Azərbaycanın böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Arslan şahın atabəyi Şəmsəddin Eldənizin başçılığı ilə XII yüzildə Azərbaycan coğrafiyasında qazanılmış hərbi-siyasi uğurların çağdaş və gələcək nəsillərə çatdırılması üçün ekrana daşınması çox əlamətdar hadisə olacaqdır. – “Bu məzmunun heç şübhəsiz regional konteksti vardır”.
Zəngin tariximizin ən şərəfli dönəmlərindən olan XII-XIII yüzilliklərə üz tutulmasının önəmini özəlliklə vurğulayan Komitə sədri, çağdaş dönəmlə analogiya aparıb. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin ölkə vətəndaşlarında, Dünya azərbaycanlılarında, bütün Türk dünyasında necə böyük ruh yüksəkliyi yaratdığını, qürur qaynağı olduğunu bildirən Q.Paşayeva, tarixi həqiqətlərə bələd olan gəncliyin gələcəyə daha mətin, sarsılmaz güvənlə gedəcəyinə inamını bildirib:
“Siz vurğuladız ki, çoxseriyalı tarixi bədii televiziya filmində Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng ərazilərə malik olmasına, sınırlarına diqqət çəkiləcək, bununla, həmin dönəmin hərbi-siyasi gerçəklikləri ilə yanaşı, elmi-mədəni sahələri, konkret tarixi simaları canlandırılacaq. – Bu yanaşmanın özü də işinizin uğurlu olacağını vəd edir.
Orta yüzilliklərin danışıq dili, o dönəmin üslubu, ədəbi mühiti, sosial-mədəni yaşamı barədə ciddi araşdırmalar aparıldığını bilmək xoşdur. Ssenari qrupunuzun altı yüz min sözlük tarixi qaynaqlara müraciət etməsi, o dönəmdə yaşayıb-yaratmış ozanlar, söz-sənət yığıncaqları haqqında bəlgələr toplaması işin miqyasını, yanaşmanızdakı dərinliyi və üfüqügenişliyi ifadə edir.
Əlbəttə, AMEA-nın Tarix İnstitutunun mütəxəssislərindən ibarət işçi qrupla əməkdaşlığınız mövzuya məsuliyyətlə, həssaslıqla yanaşmağınızın bir göstəricisidir: qonşu dövlətlərlə münasibət faktoru, tarixi faktların dəqiqliyi, güvənli qaynaqların gün üzünə çıxarılması çox önəmlidir. Bir daha uğur diləyirəm”!
Q.Paşayeva “Atabəylər”in yaradıcı heyətinə xatirə hədiyyələri bağışlayıb.
“Atabəylər”in yaradıcı heyəti səmimi görüş və faydalı fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.
Ədəbiyyat və incəsənət”
(26.12.2022)