Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə orta təhsilini Bakıda alıb, 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna qəbul olunub, oranı bitirdikdən sonra 1982-ci ildə institutun aspiranturasına daxil olub, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985-1990-cı illərdə həmin təhsil ocağında müəllim kimi çalışıb. 1991-1994-cü illərdə özəl biznes sahəsində fəaliyyət göstərib, 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti olub. O, iki dəfə - 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. 2003-cü ilin oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. 2008-ci ildə 2-ci dəfə, 2013-cü ildə 3-cü dəfə, 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində isə dördüncü dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. Bu gün onun sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkədə idmanın sürətli inkişafını və onun perspektivlərini genişləndirmək məqsədilə ölkədə 50-dək Olimpiya İdman Kompleksi, həmçinin ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. Ölkə son illər I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları, 42-ci Şahmat Olimpiyadası, XV Avropa Gənclər Olimpiya Festivalı, “Formula-1 Avropa Qran-Prisi” kimi bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzləri yaradılıb, bununla da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olunub. Bu mərkəzlərə 2013-2018-ci illər ərzində 24 milyona yaxın müraciət daxil olub, xidmətlərin əhali arasında bəyənilmə əmsalı 100 faizə yaxınlaşıb. Təsadüfi deyil ki, Azərbaycan brendi olan “ASAN xidmət” dünyada böyük maraq doğurub və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir.
Ali Baş Komandan olaraq İlham Əliyev sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsini müvəffəqiyyətlə başa vurub, 30 ildən artıq davam edən erməni işğalına son qoyulub, respublikamızın qanuni hüquqları bərpa edilib. Bu müharibə İlham Əliyevin adını tarixin səhifələrinə “İtirilmiş əraziləri geri qaytaran dövlət başçısı” kimi yazıb.
61 yaşını qeyd edəcək Azərbaycan prezidenti “Heydər Əliyev” ordeni (Azərbaycan Respublikası), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), “Rumıniya Ulduzu” ordeni (Rumıniya), “Kral Əbdüləziz” ordeni (Səudiyyə Ərəbistanı Krallığı), “Şərəf” ordeni (Gürcüstan), “Şərəf Legionunun Böyük Xaçı” ordeni (Fransa), Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli ordeni, MDB ölkələrinin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının “Şərəf” ordeni, FİLA-nın Şərəf Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni, İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni, “Xidmətlərə görə” Böyük Xaç ordeni (Polşa), “I dərəcəli Knyaz Yaroslav Mudrı” ordeni (Ukrayna), “Mübarək əlKəbir” ordeni (Küveyt dövləti), Parlamentin Qızıl medalı (Yunanıstan), Dünya Güləş Birliyinin “Qızıl Orden” ali mükafatı, Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı, BMT-nin Əhali Fondunun mükafatı, Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı və s. ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(24.12.2022)